ƏLİ ÇƏRKƏZOĞLU

Tövbə zamanıdır, Gülər xanım

Tövbə zamanıdır, Gülər xanım

ƏLİ ÇƏRKƏZOĞLU

Haqsız danışmaqdan, könül qırmaqdan elə qorxuram ki... Çünki inanmışam ki, bütün haqsızlıqlar dönüb sahibinə qayıdır. Amma bəzən elə hallarla rastlaşırsan ki, həqiqəti söyləmək bir qəlbin qırılıb-qırılmamasından daha önəmli olur.
Ötən ilin son günlərində xəbər portallarında keçmiş millət vəkili Gülər Əhmədovanın müsahibəsinə rast gəldim və istər-istəməz maraqlandım ki, görəsən bu xanım nəyi etiraf etmək, kimlərdən üzr istəmək fikrindədir. Amma müsahibəni oxuduqca qənaətimdə yanıldığımı gördüm. Gülər xanım söhbətində daha çox keçmiş uğurlarını xatırlamağa və haqqında artıq-əksik danışanları Allahla qorxuzmağa yer ayırır. Qəribədir, bizimkilər fürsət sahibi olanda Allahı yada salmır, üzə durur, adam tutdurur, halal-haram düşünmür, başqalarının haqqını tapdalamaqdan çəkinmir, məlum siyahılarda redaktələr edir, rüşvəti, şəri adi həyat standartı hesab edir, hər şeyini itirdikdən sonra Allahdan, dindən danışırlar.
Ola bilsin ki, Gülər xanımın böyük "fədakarlığı" ilə ömrünün bir neçə ilini məhbəsdə keçirmiş həmin insanı məlum çevrələr tərəfindən qaralanmışdı və hansısa bəhanə ilə həbs ediləcəkdi, amma cibində ölkənin ali məclisinin mandatını gəzdirən bir xanımın o işə alət olmasını anlamaq mümkün deyil. Ən azı ona görə ki, bir deputatı bu cür işə alət eləmək son dərəcə anormal olardı, əgər həmin deputatın bir işdə hansısa marağı olmasaydı.
Gözləyirdim ki, Gülər xanım üstüörtülü olsa da söhbətində kimlərdənsə üzr istəyəcək, hansısa xətalarını etiraf edəcək, "mən filan günahlarım üçün əzab çəkirəm" deyəcək, amma çox heyif...
Gülər xanım deyir: "Əgər hansisa xeyir işlərlə məşğul olursansa, heç vaxt bəddua etmə. İnsan çalışıb qarğış etməməlidir. Mən bacardığım qədər bu hallardan qaçıram. Mənə qarşı haqsızlıq, şər-böhtan olubsa, onu Allaha həvalə edirəm. Və yaşadıqca görürəm ki, Allahın intiqami çox güclüdür. Insanin danışdığı hər şey maddiləşir."
Hər şey doğrudur, amma Gülər xanım bu sözləri ilk növbədə özünə söyləməlidir. Çünki tövbəsi edilməyən bir günah növbəti günah üçün qapıdır. Gülər xanım bu gün ancaq tövbə ilə gündəmə gələ və bəlkə də o, bu yolla bu xalqa çox gözəl örnək ola bilər. Başımıza gələn bu qədər bəlaların bir səbəbi də odur ki, biz nə layiq olmadığımızdan imtina etməyi bacarırıq, nə də etirafı, tövbəni özümüzə yaxın buraxırıq.
Bəzən kiminsə efirdən ölümdən qorxmadığı söylədiyinə şahid oluram. Açıq deyim ki, mən o cür danışanların səmimiyyətinə inanmıram. Belələri ya ölümün nə olduğunu bilmirlər, ya da övliyadırlar ki, bir an öncə dünya məhbəsindən qurtulub Allaha qovuşmaq istəyirlər. Əgər ölümdən qorxmadığını deyən o adamların həyatına yüngülcə nəzər salsan, harasına qədər bataqlığa gömüldüyü asanlıqla görünəcək. Mən ölümdən qorxuram, həm də günahlarım qədər qorxuram.
Etiraf eləmək, üzr istəmək ərdəmdir, ucalıqdır. Tövbə edən bəndələr Allah-Taaladan ümidini kəsməzlər, ümidini kəsən ancaq şeytandır. Üzə durmuş da, cana qıymış da, hər cür günaha batmış da olsan, səmimi peşmanlıq və tövbə ilə Allaha yönəlməkdən başqa yol yoxdur. Əlbəttə, qul haqqı deyilən bir anlayış da var ki, kimin haqqını tapdamısansa, ondan halallıq almalısan, bu dünyada alınmayan halallığın o dünyadakı hesabı çox ağır olur, Allah-Taala buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymur.
Bir insana "Allah səni bağışlamayacaq" demək də o insanın həyatı boyu işlədiyi bütün günahlardan daha ağırdır. Çünki bu sözü deyən Allah adından danışmış olur, Allah-Taala da kimsəyə belə bir haqq, səlahiyyət verməyib.
Ölüm gözlə qaş arasındadır, kimi nə zaman haqlayacağını Allahdan başqa kimsə bilməz. Nə qədər ki, nəfəsimiz gedib gəlir, günahlarımız üçün tövbə etməli və bir daha o işlərə dönməyəcəyimiz üçün Allah-Taalaya söz verməliyik.
Tövbə zamanıdır, Gülər xanım, keçmişinizlə barışın, vicdanınızın söylədiyi hər kəsin ayağına gedin, barışın, halallıq istəyin, verdiyiniz müsahibələrdə bu həqiqətləri dilə gətirməkdən çəkinməyin və Allah-Taalanın mərhəmətindən də ümidinizi kəsməyin. Allah-Taala tövbələrimizi qəbul eləsin!

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top