ALLAHVERDİ AYDIN

Pandemik neo-cahillik

Pandemik neo-cahillik

ALLAHVERDİ AYDIN

Ötən həftə işdən çıxıb avtobusla evə gedirdim. Avtobusda təqribən 35-40 nəfər sərnişin olardı və həmin sərnişinlərdən biri - 19-20 yaşlarında bir gənc qripdən qorunmaq üçün qoruyucu maska taxmışdı. Həmin gəncin maska taxması avtobusda əməlli-başlı çaxnaşma salmışdı. Sanki avtobusa yadplanetli minmişdi və sərnişinlər də onu ilk dəfə gördükləri üçün həyacanlanmışdılar. Ağız deyəni qulaq eşitmirdi. Kim öz ağzına yaxın bir qulaq görürdüsə başlayırdı danışmağa. Çünki bizim avtobuslarda insanlar bir-birinə həddindən artıq yaxın dururlar. Avtobus sürücüləri demişkən "mehriban olurlar". Belə vəziyyətdə məsafə çox yaxın olduğu üçün sərnişinlər bir-birinin sifətini görə bilmirlər. Ən yaxşı halda sifətlərinin ayrı-ayrı hissələrini - burunlarını, qulaqlarını, gözlərini, ağızlarını görürlər. Demək olar ki, avtobusdakı sərnişinlərin əksəriyyəti danışırdı. Arada mən də qulağıma yaxın olan ağızdan qrip ilə bağlı maraqlı informasiyalar eşidirdim. Sərnişinlərdən biri "maskalı" şəxsdən soruşdu ki, niyə maska taxmısan. O da cavab verdi ki, maskanı qripdən qorunmaq üçün taxıb. Sual verən sərnişin maskalı gəncin cavabını eşidən kimi dedi ki, indiki cavanlar yaman qorxaqdılar. Başqa sərnişinlər də başladılar cavanların qorxaqlığı haqqında bir-birinin sözünü kəsə-kəsə danışmağa. Amma qulağıma ən yaxın ağzın yiyəsi sərnişinlərin dediklərinə etiraz etdi: "Bunlar qrip haqqında heç nə bilmirlər. Əgər bilsəydilər, belə danışmazdılar. Cavan oğlan düz eləyib ağzını bağlayıb. Bəlkə bu oğlan doğrudan da qripə yoluxub?" Bir qadın sərnişin də həmin gəncdən maskanı neçəyə aldığını soruşdu. Özünü qripdən qorumaq niyyətində olan həmin gənc çox sakit formada dedi ki, 20 qəpiyə alıb. Maskanın qiyməti ilə maraqlanan həmin qadın ağzını yanında duran başqa bir qadının qulağına tutub: "Bax görürsən, əl boyda əski parçasını 20 qəpiyə satmaq üçün camaatı qrip ilə qorxudurlar ", - dedi. Ağzı qulağıma yaxın olan sərnişin dərhal düzəliş verdi: "Başqa ölkələrdə bu maskaları pulsuz paylayırlar. Amma bizdə pulla satırlar. Günahkar bizim hökumətdir. Qripinin bu məsələyə dəxli yoxdur". Düz yarım saata yaxın vəziyyət bu cür davam etdi. Axırda maskalı gənc dayanacaqların birində avtobusdan düşdü. Amma onu bilmədim ki, həmən gənc mənzil başına çatdığı üçün, yoxsa avtobusdakıların hədəfindən çıxmaq məqsədilə avtobusdan endi. Beş-altı dəqiqədən sonra mən özüm də mənzil başına çatdım. Amma hələ də ağzı qulağıma yaxın olan sərnişinin dedikləri fikrimdən çıxmırdı. Doğrudan da həmin avtobusda qripə yoluxan insanlar ola bilərdi. Axı susmadan danışan sərnişinləri bir-birindən santimetrlər ayırır. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla səhiyyəyə aidiyyəti olan və olmayan bütün təşkilatlar, o cümlədən tibb təhsili olan və olmayan bütün oxumuş insanlar qripin pandemiya olduğunu deyir. Yəni qrip pandemiyanın bütün şərtlərinə cavab verir. Bu xəstəlik həm yoluxucudur, həm sürətlə yayılır, həm də öldürücüdür. Bəs belə olan halda, biz tanımadığımız insanlarla niyə bu qədər yaxın təmasda oluruq, bu qədər çox danışırıq? İctimai yerlərdə tanımadığımız insanlarla qarşılaşanda onlara salam veririk? Yox! Amma əvəzində həmin insanlarla istənilən mövzuda çox rahatlıqla danışa bilirik. Dəfələrlə şahidi olmuşam: bəzən avtobusda sərnişinlər (xüsusən qadınlar) bir-biri ilə elə şirin-şirin danışırlar ki, deyirsən, yəqin çox yaxın tanışdırlar. Amma bir də görürsən ki, onlardan biri salamsız-sağolsuz durub avtobusdan düşdü. Salam verməyi özümüzə rəva görmədiyimiz insanlarla paylaşa biləcəyimiz nə ola bilər ki?..

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top