NAZİM MUSTAFAYEV

Önümüzə qoyulan həyat dəftəri

Önümüzə qoyulan həyat dəftəri

NAZİM MUSTAFAYEV

İnsanın uşaqlığını xatırladığı yaş hansıdırsa, elə o yaşlarda idim. Ya da təxminən üçüncü-dördüncü sinifdə oxuyurdum... "Qax pavilyonu" deyilən məkanda bizdən başqa insanlarla bərabər Zaqatalaya gedən avtobusu gözləyirdik. Qax rayonundan bizi buraya qədər çatdıran avtobusun isə hara getdiyini heç xatırlamıram. Sanki o dövrdə magistral yoldan o qədər maşın keçmirdi. Uzun bir zaman keçmiş, nəhayət gözlədiyimiz avtobus gəlmişdi. Hətta avtobus çox uzaq yerdə dayanmış, biz də xeyli məsafəni piyada getməli olmuşduq. Mən avtobusun hündür pilləkənləri ilə qalxmağa çalışırdım... Gerisini isə xatırlamıram. Əslində, avtobusun pilləkənləri o qədər hündür deyildi, sadəcə, mən çox balaca idim...

Çox da təfərrüatlı olmasa da bu xatirəmin yadımda qalmasına səbəb bəlkə də çox gözləməyimiz olmuşdu. Ya da başqa səbəblər də ola bilər. Aradan illər keçmiş, orta məktəbi bitirmiş, beş illik universitet həyatı, əsgərlik dövrü, ilk iş həyatım, sonra Konyada Səlcuq Universitetində 3 illik magistratura dövrü... Nəhayət, vətənə qayıtmış, ikinci dəfə iş həyatına başlamışdım...

İllər keçmiş, bir yol kəsişməsi olan "Qax pavilyonu" deyilən məkana yenə yolum düşmüşdü. Buradan Zaqatalaya gedəcək bir maşın gözləyirdim. Həmin vaxt yuxarıda bəhs etdiyim "Qax pavilyonu" macəram yadıma düşdü...

Sonra elə hey düşündüm... Bu, necə bir hiss idi? Sanki balaca uşaq ikən uzun bir gözləmədən sonra avtobusun hündür pilləkənlərinə elə dünən, ya da dünəndən də yaxın bir zamanda qalxmışdım. O günə qədər heç bir yerdə ağlıma gəlməyən xatirəm, elə həmin məkanda yadıma düşmüşdü. Sanki aradan heç 16-17 il keçməmişdi.

Bəzən sevincli və nəşəli, bəzən də kədərli və hüznlü olan həyatın əslində nə qədər də qısa olduğunu o gün bir daha anlamışdım. Həmçinin uzun ömür yaşayan bir insanın həyatını axirətdəki sonsuz zaman məfhumu ilə müqayisə etsək, ömrün bir andan, biz göz qırpımından ibarət olduğunu görərik.

Elmə məlumdur ki, may böcəyinin ömrü bir neçə saatdır. Deməli, bir neçə saat, eyni zamanda bir ömür sayılır. Bir cəhətdən insanların ömrünü də may böcəyinin ömrünə bənzədə bilərik... Necə ki, insan övladı yüz illik bir ömür yaşasa da, bir gün arxaya dönüb baxanda yaşadığı ömür, bir anlıq, ya da daha az bir zaman dilimi kimi görünürsə, deməli, insanın ömrü də may böcəyinin ömründən fərqsizdir. Əslində, bunun əksini də düşünmək olar...

Hər nə qədər bir an kimi görünsə də hər anının, hər saniyəsinin, hər saatının hesabı sabah Haqqın dərgahında bizdən soruşulacaq olan bu ömür sərmayəsi əslində çox uzundur. Buna iki fərqli görüş demək doğru olmazdı. Çünki hər ikisi də bir həqiqətdir. Ya da bir həqiqətin iki üzü. Bir baxıma çox uzun, bir baxıma çox qısa həyat...

Kəpənəklərin ömrü iki gündür. Görəsən, bu canlılara nə üçün bu qədər az ömür verilib? Kəpənəklər iki gün boyunca yemədən, içmədən nəsillərini davam etdirmək üçün yaşayırlar. Yəni yaşatmaq üçün yaşayırlar. Bu cəhətdən əslində kəpənəklərin də çox dəyərli ömürləri (iki günü) var.

Söz gəlib ömrün dəyərli olanından, yaşatmaq üçün yaşamaqdan düşmüşkən, biz də bu amalla yaşayaq. Hə, bu arada "yaşatmaq üçün yaşama" elə də dar çərçivəli, dərinliyi olmayan bir söz deyil. "Yaşatmaq üçün yaşama" bütün gözüyaşlıları və ümumən, insanlığı qucaqlayan, əhatəsinə alan bir məfhumdur. Yoxsa hardan və necə gəldiyinə heç fikir vermədən, yüzlərcə insanın ahını alaraq, övladlarına sərvət buraxmaq yaşatmaq üçün yaşama deyil.

Yazının başındakı "Qax pavilyonu" misalında olduğu kimi, müəyyən zamanlarda yaşadığımız həyatın bir bölümü insanın gözü önündən bir film kimi axıb keçir. Bəzən elə olur ki, on illik bir həyat saniyələr içərisinə sığaraq yaddaşda canlanır.

Sonda onu deyək ki, bu kimi hallar bizə axirət hesabını xatırlatmalıdır. Bu dünyada zəhmətsiz, əziyyətsiz önümüzə qoyulan bu həyat dəftərini uca Allah sabah axirətdə də sorğuya çəkmək, hesabını soruşmaq üçün də önümüzə qoyacaqdır, qoymağa qadirdir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top