
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Vaşinqtonun avropalı müttəfiqlərinə Rusiya neftinin alınmasını dayandırmaları üçün təzyiq etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, o bu barədə sentyabrın 20-də Virciniya ştatında ACI beyin mərkəzinin təşkil etdiyi şam yeməyində çıxış edərkən danışıb.
“Avropalılar Rusiyadan neft alırlar. Bu baş verməməlidir, elə deyilmi?”, - Tramp bildirib.
ABŞ lideri deyib ki, Uitaker bunun uzun müddət davam etməsinə imkan verməyəcək.
Tramp qeyd edib ki, onun administrasiyası ABŞ-də neft hasilatını artırmaq və onun maya dəyərini azaltmaq üçün addımlar atır:
“Biz həqiqətən neftin qiymətini aşağı salırıq. Biz onu aşağı salmaq istəyirik. Neftin qiymətinin bir az daha aşağı salınması Ukraynadakı münaqişənin avtomatik bitməsinə gətirib çıxaracaq”.
Qeyd edək ki, sentyabrın 13-də ABŞ prezidenti bəyan edib ki, əgər Şimali Atlantika Alyansının bütün üzvləri birgə hərəkət etsələr və Rusiya neftinin alınmasını dayandırsalar, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazırdırlar. O qeyd edib ki, bəzi NATO müttəfiqlərinin Rusiyadan enerji resurslarının idxalını davam etdirməsi alyansın danışıqlarda mövqeyini zəiflədib. Bundan əlavə, Ağ Ev rəhbəri NATO ölkələrini Çinə 50-100% idxal rüsumları tətbiq etməyə çağırıb. O, bunun Ukrayna böhranına son qoymağa kömək edəcəyini, bu cür tariflərin münaqişə sülh yolu ilə həll edildikdən sonra qaldırıla biləcəyini deyib.