
Fransanın Daxili İşlər Nazirliyi merlərə gələn həftə Parisin Fələstin dövlətini rəsmən tanımağa hazırlaşdığı bir vaxtda bələdiyyə binalarında və digər ictimai binalarda Fələstin bayraqlarını dalğalandırmamaq barədə xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP agentliyi Fransa Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
“Dövlət səviyyəsində neytrallıq prinsipi bu cür nümayişləri qadağan edir”, - nazirliyin bəyanatında bildirilib.
Həmçinin, bəyanada qeyd edildiyinə görə, hər hansı belə bir nümayiş beynəlxalq münaqişədə tərəf tutmaq deməkdir.
Daxili İşlər Nazirliyi eyni zamanda bildirib ki, merlərin Fələstin bayrağının dalğalandırılması ilə bağlı hər hansı bir qərarı inzibati məhkəmələrə göndərilməlidir.
Qeyd edək ki, artıq bir neçə fransız meri gələn həftə bələdiyyə binalarında Fələstin bayrağını dalğalandırmaq niyyətində olduğunu bəyan edib.
Xatırladaq ki, bazar ertəsi Fransa BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanımağa hazırlaşır. Bir sıra digər dövlətlər də BMT sammiti zamanı Fələstin dövlətini rəsmən tanımaq niyyətində olduqlarını bildiriblər.