
Braziliyanın Federal Ali Məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan sabiq Braziliya prezidenti (2019-2022) Jair Bolsonaronu 27 il 3 ay həbs cəzasına məhkum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Braziliyanın “O Globo” qəzeti məlumat yayıb.
Məlumata görə, Bolsonaronun təqsirli bilinməsi və həbs cəzasına məhkum edilməsi barədə qərarı Ali Məhkəmənin dörd hakimi - Aleşandri di Morays, Flavio Dinu, Karmen Lusiya və Kriştianu Zanin qəbul edib. Hakim Luis Fuks siyasətçiyə bəraət verilməsinin lehinə çıxış edib. Bolsonaro bir səsə qarşı dörd səslə günahkar bilinib.
“O Globo” qəzetinin qeyd etdiyi kimi, Bolsonaro “dövlət çevrilişinə cəhddə”, “cinayət təşkilatı yaratmaqda” və “qanunun aliliyini zorakılıqla pozmaqda” təqsirli bilinib.
Qeyd ki, 70 yaşlı Jair Bolsonaro 2019-2023-cü illərdə Braziliya prezidenti olub.
Xatırladaq ki, Bolsonaro 2023-cü ilin yanvarında Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün sui-qəsddə günahkar bilinib.
İş materiallarına görə, Bolsonaro və onun ətrafı, o cümlədən bir neçə hərbçi Lula da Silvanın andiçmə mərasimini pozmaq istəyib və yeni seçilmiş liderə ölkənin 39-cu prezidentinin vəsiqəsinin təqdim edilməsindən üç gün sonra, 2022-ci il dekabrın 15-nə çevriliş cəhdi hazırlayıb.
Lakin Lula da Silvanın andiçmə mərasimindən əvvəl dövlət çevrilişinə cəhd olmayıb. Eyni zamanda, 2023-cü ilin yanvarında o vəzifəyə gəldikdən sonra Bolsonaronun tərəfdarları Braziliyanın paytaxtında iğtişaşlar törədib və hökumət binalarını ələ keçirməyə cəhd ediblər. Hakimiyyət orqanlarının məlumatına görə, qırğınlarda 5000-ə yaxın adam iştirak edib, 1400-dən çoxu saxlanılıb.