
Xəbər verdiyimiz kimi, Nepalda sosial media platformalarının qadağan edilməsi Katmanduda etiraz aksiyalarına səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bazar ertəsi polisin kütləyə atəş açması nəticəsində 19 nəfərin ölməsi və 500 nəfərin yaralanması Nepalın Baş naziri Şarma Olini istefaya getməyə məcbur edib.
Çərşənbə axşamı sosial media qadağası ləğv edilsə də, etirazlar daha geniş vüsət alıb.
Ölümlərə görə hiddətlənən etirazçılar hökumət binalarına hücum edib. Həmçinin, nazirlər etirazçıların hücumuna məruz qalıb.
Belə ki, xarici işlər naziri Arzu Rana Deuba və onun həyat yoldaşı, digər keçmiş baş nazir Şer Bahadur Deuba Katmanduda evlərinə basqın edən etirazçılar tərəfindən hücuma məruz qalıb.
Maliyyə naziri Bişnu Prasad Paudel də etirazçıların fiziki təzyiqi ilə qarşılaşıb. O, etirazçılar tərəfindən təpiklənərək döyülüb.
2011-ci ildə ölkəyə rəhbərlik edən keçmiş baş nazir Jala Nath Kxanalın həyat yoldaşı Racyalaxmi Çitrakar da Dalludakı evində yandırılıb.
O, 3-cü dərəcəli yanıq xəsarətləri ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Etirazçılar rabitə naziri Prithvi Subba Qurunqun da evinə hücum edərək, yandırıblar. Hücumlar keçmiş daxili işlər naziri Rameş Lexakın evinə də baş verib.
Həmçinin, sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə nazir və onların ailələrinin helikopterlərlə təxliyə edilməsi öz əksini tapıb.