İrəvan məhkəməsi Karapetyanı həbsdə saxladı


İrəvan məhkəməsi biznesmen və “Tashir Group”un sahibi Samvel Karapetyanı həbsdə saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a vəkil Aram Vardevanyan məlumat verib.
Bildirilib ki, Korrupsiyaya qarşı mübarizə apellyasiya məhkəməsi müdafiə tərəfinin həbsin ləğvi ilə bağlı vəsatətini təmin etməyib.
Müdafiə tərəfi hesab edir ki, iş adamının hakimiyyətin hücumları fonunda kilsəyə dəstək olaraq istifadə etdiyi ifadə həbs üçün əsas ola bilməz. Buna baxmayaraq, vəkillərin vəsatəti təmin edilməyib. Vardevanyan əlavə edib ki, bu məhkəmə qərarından da apellyasiya şikayəti verəcəklər.
Eyni zamanda, məhkəmə Baş Prokurorluğun vəsatətini də rədd edib. Prokurorluğ bundan öncə məhkəmədən iş adamına aid edilən çirkli pulların yuyulması ilə bağlı əsaslı şübhələri təsdiq etməyi xahiş edib.
Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də 2 aylıq müddətə həbs olunub. O, hakimiyyəti ələ keçirməyə, konstitusiya quruluşunu zorla devirməyə açıq çağırış etməkdə ittiham olunur. Karapetyan ittihamı qəbul etmir, müdafiə tərəfi onun barəsində irəli sürülən ittihamın əsassız olduğunu bildirir.
“Kiçik bir qrup, Ermənistan tarixini, erməni kilsəsinin min illik tarixini unudaraq, erməni kilsəsinə, erməni xalqına hücum edib. Mən hər zaman erməni kilsəsinin və erməni xalqının yanında olmuşam və birbaşa iştirak edəcəyəm. Əgər siyasətçilər buna nail ola bilməsələr, biz də öz yolumuzla iştirak edəcəyik”, - Karapetyan həbs olunmamışdan əvvəl verdiyi müsahibədə bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top