
Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı barədə məlumat verib.
Yeniavaz.com xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.
Dövlət başçısı bildirib ki, söhbət zamanı Rusiyanın son raket və artilleriya hücumları müzakirə olunub: “Bir gecədə Rusiyanın sərt atəşi nəticəsində təəssüf ki, dörd nəfər həlak olub, 44-dən çox insan yaralanıb. Xilasedicilərimiz və fövqəladə hallar xidmətləri ölkə boyu hücumların nəticələrinin aradan qaldırılması ilə məşğuldur”.
Onun sözlərinə görə, Makronla diplomatik səylərin koordinasiyası, qarşıdakı addımlar və tərəfdaşlarla təmasların davam etdirilməsi barədə razılıq əldə olunub: “Fransa ilə birlikdə müdafiəmizi gücləndirmək üçün yeni tədbirlər hazırlayırıq”.
Qeyd edək ki, Ukrayna mətbuatının məlumatına görə, son hücumlar zamanı paytaxt Kiyev də daxil olmaqla ölkənin müxtəlif bölgələri kütləvi atəşə tutulub. Zərbələr nəticəsində hökumət binası zədələnib, yaralılar arasında uşaqlar da var.