
Gürcüstan Prezidenti Mixail Kavelaşvili “Güclü Gürcüstan - Lelo” müxalifət partiyasının liderləri - Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Facebook” sosial şəbəkə hesabında məlumat yayıb.
“Heç kimin yerli hakimiyyət orqanlarına seçkilərinin məhdud rəqabət şəraitində keçirildiyini düşünməsinə əsas verməmək üçün mən iki məhbusu - Mamuka Xazaradze və Badri Caparidzeni əfv etmək qərarına gəldim”, - deyə Kavelaşvili bildirib.
Kavelaşvili qeyd edib ki, o, “Güclü Gürcüstan – Lelo” liderlərinin seçkilərdə iştirak etmək qərarına gələn bütün həbsdə olan üzvlərinə prezidentin əvvəllər təklif etdiyi əfvdən imtina etmələrinə baxmayaraq, onları həbsdən azad etmək qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl məhkəmə müxalifət partiyalarının liderləri Nika Qvaramiya, Nika Melia, Mamuka Xazaradze, Badri Caparidze, Zurab Caparidze, Giorgi Vaşadze, müxalifətçi Givi Tarqamadze və keçmiş müdafiə naziri İrakli Okruaşviliyə 7 ay 8 ay həbs cəzası verib. Onlar keçmiş prezident Mixail Saakaşvilinin dövründə cinayətləri araşdıran parlament komissiyasının iclasına gəlmədiklərinə görə saxlanılıb və sonra mühakimə olunublar.
Xatırladaq ki, Gürcüstanda yerli seçkilər oktyabrın 4-də keçiriləcək. Bəzi əsas müxalifət partiyaları, o cümlədən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkat siyasi birliyi 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını hesab etdikləri üçün seçkilərdə iştirakdan imtina ediblər. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə iştirak etmək üçün 14 partiya qeydiyyatdan keçib. Müxalifətin qalan hissəsinin tənqidlərinə baxmayaraq, “Güclü Gürcüstan – Lelo” və keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyaları seçkilərdə iştirak etmək qərarına gəlib. Onlar Tbilisi meri vəzifəsinə vahid namizəd - İrakli Kupradzeni irəli sürüblər.