
Moskva vilayətində hüquq-mühafizə orqanları erməni əsilli bloger Arsen Markaryanı saxlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.
Qurumdan bildirilib ki, paytaxt İstintaq Komitəsinin əməkdaşları tərəfindən Markaryan tutulub və dindirilmək üçün istintaq şöbəsinə aparılacaq.
Araşdırmalara görə, 35 yaşlı bloger Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə – “KİV və ya internet resurslarından istifadə etməklə Vətən müdafiəçilərinin xatirəsini təhqir etmə”də şübhəli bilinir. İstintaqın versiyasına görə, o, 2025-ci il fevralın 25-dək vətən müdafiəçilərinin xatirəsini alçaldan məlumatların yer aldığı videonu məşhur video platformada yayıb.
Məlumata görə, Markaryan əvvəllər də müstəntiqlər tərəfindən axtarışa verilib. Ermənistandan olan bloger təxribat xarakterli videolar və yazılarla tanınır, dəfələrlə Rusiya dövləti və xalqı haqqında təhqiramiz ifadələr işlədib. O, son olaraq şəxsi inkişaf təlimi keçirmək üçün İstanbuldan Moskvaya uçub.