
Rusiya Federasiyasının istehsalçı şirkəti “Kurinoe Çarstvo” müəssisəsinə məxsus dondurulmuş toyuq dərisi məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
“Belə ki, AQTA-nın bildirişi əsasında, Rusiyanın aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə nəzarət tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı AQTA-ya ətraflı məlumat verilib.
Rusiya tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinə müvafiq məlumat verilib”, - məlumatda deyilir.