
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 37 trilyon dollar həddini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, 11 avqust 2025-ci il tarixi üçün ödənilməmiş dövlət borcunun ümumi məbləği 37 004 817 625 842,56 ABŞ dollar olub.
Maliyyə Nazirliyinin məlumatına görə, ABŞ-nin dövlət borcu 2024-cü ilin noyabrında 36 trilyon dollar həddini keçib.
Digər tərəfdən, avqustun 7-də “High Yield Economics” xəbər bülleteninin təsisçisi Deniel Altman “Foreign Policy” jurnalında yazdığı məqalədə xəbərdarlıq edib ki, yeddi inkişaf etmiş ölkənin böyük dövlət borcu ilə əlaqədar qlobal iqtisadiyyat yaxın gələcəkdə görünməmiş valyuta böhranı ilə üzləşə bilər. Ekspertin fikrincə, indiki vəziyyət 1990-cı illərin maliyyə böhranlarını xatırlatsa da, daha geniş miqyasdadır. O xatırladıb ki, Kanada, Fransa, Yaponiya, İspaniya, İtaliya, Böyük Britaniya və ABŞ-nin borcları ÜDM-in 100%-ni ötüb.