
Fransa Xarici İşlər Nazirliyi (XİN) avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki ölkənin münasibətlərinin normallaşdırılmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.
Yeniavaz.com AZƏRTAC-a istinadla xəbər verir ki, bəyanatda Fransa bu addımı yüksək qiymətləndirib və ABŞ-yə bu prosesdə oynadığı rola görə təşəkkür edib.
Bəyanatda həmçinin qeyd edilib ki, sülh müqaviləsinin tezliklə imzalanması və ratifikasiyası bölgədə sabitliyin təmin olunmasında həlledici rol oynayacaq.
Fransa tərəfi, həmçinin, ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması ilə bağlı tərəflərin birgə çağırışını dəstəklədiyini bildirib.
Bəyanatda qeyd edilib ki, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, habelə 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş prinsiplərə riayət etməklə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional əlaqələrin inkişafı və sərhədlərin yenidən açılması Cənubi Qafqazın region əhalisinin mənafeyi naminə sülh və firavanlıq bölgəsinə çevrilməsinə imkan verəcək.
Fransa, Avropa tərəfdaşları ilə birlikdə, bu istiqamətdə səylərini davam etdirəcəyini və Avropa Siyasi Birliyi çərçivəsində fəal iştirak edəcəyini qeyd edib.