
Argentinalı futbolçu Lionel Messi peşəkar karyerasını başa vurduqdan sonra Amerikanın “İnter Mayami” klubunda rəhbər vəzifə tuta biləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.
Məlumata görə, müvafiq bənd Messinin “İnter Mayami” ilə yeni müqaviləsində yer alacaq.
Qəzetin bildirdiyinə görə, tərəflər danışıqları davam etdirirlər və yeni müqavilə üç il və ya daha çox müddətə ola bilər.
Ancaq argentinalı karyerasını bitirmək istəsə, istənilən vaxt müqaviləni poza biləcək.
Qeyd edək ki, Messinin 38 yaşı var və 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Futbolçu ötən mövsüm MLS-in müntəzəm çempionluğunu qazanıb və turnirin ən yaxşı oyunçusu seçilib. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Messi karyerası ərzində İspaniyanın “Barselona”sında və Fransanın “Pari Sen Jermen”ində çıxış edib. Argentinalı “Qızıl top”un səkkizqat qalibidir. Argentina millisi ilə Messi Dünya Kubokunu (2022) və Amerika Kubokunu (2021, 2024) qazanıb.