
Amerikalı milyarder İlon Mask 2025-ci ilin birinci yarısında “America PAC” siyasi komitəsinə 45 milyon dollardan çox ianə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, bununla da o, bu sahədə ABŞ-də ən böyük donorlardan birinə çevrilib.
Agentlik hesab edir ki, bu cür töhfələr onu göstərir ki, dünyanın ən varlı adamı verdiyi bəyanatlara baxmayaraq, hələ siyasətdən getməyə hazır deyil.
2025-ci ilin ilk altı ayı bu yaxınlara qədər Hökumətin Səmərəliliyi Departamentini (DOGE) koordinasiya edən və faktiki olaraq ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinin üzvü olan Mask üçün çətin olub.
ABŞ mediasının hesablamalarına görə, Mask “America PAC” vasitəsilə 119-150 milyon dollar ianə edərək, Trampın 2024-cü il prezidentlik kampaniyasını fəal şəkildə dəstəkləyib.
Qeyd edək ki, Mask hökumət postunu tərk etdikdən sonra iyunun 5-də onun və Trampın arasında sosial media vasitəsilə “yüksək səsli” qarşıdurma baş verib.
İş adamı Trampın impiçmenti üçün yeni cəhd ideyasını dəstəkləyib. Həmçinin o, Ağ Evin təşəbbüsü ilə hazırlanmış hökumət xərcləri ilə bağlı qanun layihəsini tənqid edib. Trampın idxal rüsumları da onun tənqidindən yan keçməyib. Tramp isə Maskı “dəli” adlandırıb və bildirib ki, o, DOGE-nin işinə nəzarət edərkən heç də həmişə öz vəzifəsini vicdanla yerinə yetirməyib.