
Amerika administrasiyası 10 günlük müddət bitdikdən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir, baxmayaraq ki, bu, Ukrayna böhranının həlli ilə bağlı vəziyyətə ciddi təsir göstərə bilməz.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun çıxışının səsyazısı Ağ Evin “YouTube” kanalında yayımlanıb.
Tramp qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin sanksiyalardan narahat olub-olmadığını bilmir.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, məhdudiyyətlərin hansısa effekti olub-olmayacağına əmin deyil, lakin Vaşinqton bunu edəcək.
Həmçinin Amerika lideri iyulun 31-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbənin nəticələrini kəskin tənqid edib: “Rusiyanın etdikləri iyrəncdir”.
Qeyd edək ki, İyulun 29-da Donald Tramp Rusiyaya qarşı 10 günlük ultimatumunun avqustun 8-də başa çatacağını bildirib. Amerika lideri 10 günlük müddətdən sonra Rusiyadan enerji alan ölkələrə ikinci dərəcəli vergilər tətbiq edəcəyini vəd edib.