
“Baş məşqçiləri qınamağa heç kimin haqqı yoxdur. Qınanılası bir qurum var, o da AFFA-dır. Limitlə bağlı qərarı komandalar yox, milli assosiasiya verib”.
Yeniavaz.com xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) 2008 - 2022-ci illərdə prezidenti olmuş Ramin Musayev Teleqraf-a müsahibəsində deyib.
“2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında legioner limiti aradan qalxacaq. Düşünmürsünüzmü ki, avrokuboklarda çıxış edən komandaların start heyətlərində yerli futbolçuların azalması da bununla bağlıdır?” – suala cavabında R. Musayev bildirib ki, klublar legioner oynatmaq imkanlarının olmadığını bilsələr, avrokubok qarşılaşmalarında da yerlilərdən yararlanarlar:
“Komandalar arxayındırlar ki, yerli futbolçu oynatmaq məcburiyyətləri yoxdur. Gəlin, biz klublarla yanaşı, millini də düşünək. Milli komanda artıq yoxdur, olmayacaq da. Yaxın 5 ildə millidən heç bir nailiyyət gözləməyək. Kimi istəsəniz, baş məşqçi qoyaq, lap bütün yerli mütəxəssislər olsun, xeyri olmayacaq. Çünki millinin futbolçuları çempionatda oynamayacaqlarsa, yığmada da heç bir oyun göstərə bilməyəcəklər. Demək olar ki, Allah milli komandamıza rəhmət eləsin!”
Millinin builki nəticələrində də geriləmə ilə bağlı isə Musayev qeyd edib ki, milli haqqında nə sual verin, nə də cavab gözləyin:
“Ümumiyyətlə, yaxşı şey gözləməyin. Amma klublar legionerlər sayəsində yaxşı nailiyyətlər qazanırlar, qazanacaq da. Çempionatın reytinqi qalxacaq. Milli komanda isə getdi. O vaxt yığmanın keçmiş baş məşqçisi Berti Foqts haqqında "Qaranquş gəldi-gedərdir" demişdim. O sözə görə məni az qala xalq düşməni elan edirdilər. Hanı Berti Foqts? Hardadır? Neçə il milyonlarla pul aldı, getdi. Hansı futbolçumuza dayaq oldu? Boş şeylərdir. Baş məşqçi yalnız və yalnız özümüzdən olmalıdır. Yerli baş məşqçi olmalıdır ki, cavabdehlik daşısın”.