
Çin Dövlət Təhlükəsizlik Nazirliyi bəyan edib ki, xarici kəşfiyyat orqanları nadir torpaq metallarını qeyri-qanuni yollarla ölkədən çıxarmağa cəhd göstərir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Çin bu fəaliyyətləri milli təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirir.
Rəsmi açıqlamada konkret ölkə adları çəkilməsə də, Çin tərəfi bildirib ki, bəzi xarici qurumlar və onların agentləri yerli vicdansız şəxslərlə əlbir olaraq, poçt vasitəsilə bu strateji əhəmiyyətli materialların oğurlanmasına cəhd göstəriblər. Nazirlik qeyd edib ki, nadir torpaq metallarının qaçaqmalçılığı üçün göndəri paketlərə “Çində istehsal olunmayıb” kimi yanlış etiketlər yapışdırılıb və məhsulların tərkibi bilərəkdən saxtalaşdırılıb.
Çin kəşfiyyat orqanları həmçinin nadir torpaq tozlarının keramika plitələrinin tərkibində gizlədilməsi və ya “maşın hissələri” adı altında ixrac üçün qablaşdırılması kimi üsullardan istifadə edildiyini açıqlayıb.
Nazirlik qeyd edib ki, adı açıqlanmayan ölkənin ehtiyat toplamaq məqsədilə bu materialları qanunsuz yollarla əldə etmək cəhdinin qarşısı alınıb. Çində vətəndaşlar nadir torpaq elementləri ilə bağlı şübhəli hallarla üzləşdikdə dərhal məlumat verməyə çağırılıb.
Xatırladaq ki, Çin nadir torpaq metalları və onlardan hazırlanan maqnitlər üzrə qlobal bazarda aparıcı mövqeyə sahibdir və bu resurslardan ABŞ-lə ticarət danışıqlarında təzyiq vasitəsi kimi istifadə edir. ABŞ şirkətləri, xüsusilə elektromobil istehsalçıları, bu materiallara yüksək dərəcədə asılıdır. Məsələn, “Ford Motor Co.” Pekinin ixrac nəzarətini sərtləşdirməsi səbəbindən zavodlarından birində istehsalı azaltmaq məcburiyyətində qalıb.
Nadir torpaq elementləri məsələsi Çin və Avropa Birliyi arasında da gərginliyi artırıb. Bununla belə, cari ildə ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında baş tutması gözlənilən mümkün görüş bu gərginliyin azaldılması perspektivlərini gücləndirib.