
Ali Rada dünənə qədər hökumətə rəhbərlik etmiş Denis Şmıqalın Ukraynanın müdafiə naziri təyin edilməsinə səs verib.
Yeniavaz.com xəbər verir ki, Şmıqalın təyinatını 267 deputat dəstəkləyib.
Onun müdafiə naziri vəzifəsinə namizədliyi bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülüb.
2023-cü ilin sentyabrından Ukrayna Müdafiə Nazirliyinə Rustem Umerov rəhbərlik edib.
İyulun 16-da parlament Şmıqalı baş nazir vəzifəsindən azad edib. Ukrayna qanunlarına uyğun olaraq, onunla birlikdə bütün hökumət istefa verib.
Hərbi vəziyyətə görə, Şmıqalın baş nazirlik müddəti Ukrayna tarixində ən uzun - beş ildən çox olub.
İyulun 17-də Rada əvvəlki hökumətdə baş nazirin birinci müavini - iqtisadiyyat naziri postunu tutan Yuliya Svırıdenkonun Ukraynanın baş naziri təyin edilməsinə səs verib. Parlament həmçinin hökumətin yeni tərkibini təsdiqləyib.