
7 iyul 2025-ci il tarixindən etibarən “Google” suni intellekt köməkçisi “Gemini”ni populyar tətbiqlərə - “WhatsApp”, Mesajlar və Telefona inteqrasiya edəcək, ona zəng etmək, SMS göndərmək və istifadəçi adından messencerlərlə qarşılıqlı əlaqə yaratmaq imkanı verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Neowin” portalı “Google”un rəsmi elektron bülleteninə istinadən məlumat yayıb.
Bu funksiyalar görüşlər, sürətli zənglər və ya söhbətlərdə cavablar haqqında mesajlar göndərmək kimi gündəlik tapşırıqları avtomatlaşdıracaq. Məsələn, istifadəçi “Gemini”yə deyə bilər: “Anaya zəng et” və ya “WhatsApp”da 10 dəqiqə gecikəcəyimi yaz” və Sİ tapşırığı yerinə yetirəcək.
Bununla belə, “Google” vurğulayır ki, “Gemini”nin mətn, media faylları və bildirişlər daxil olmaqla “WhatsApp” mesajlarının məzmununa çıxışı olmayacaq. Bu məhdudiyyət istifadəçi məxfiliyini qorumaq üçün nəzərdə tutulub.
“Gemini”nin proqramlara inteqrasiyası “Google”un “Siri” (“Apple”), “Alexa” (“Amazon”) və digərləri ilə rəqabət apara bilən universal süni intellekt köməkçisi yaratmaq strategiyasının bir hissəsidir. Zənglərin və mesajların avtomatlaşdırılması xüsusilə məşğul insanlar və ya messencerlərdən aktiv istifadə edənlər üçün gündəlik işləri asanlaşdırır.