İsrail “Qara bayraq” əməliyyatını başlatdı: “Aqibətləri Tehranla eyni olacaq”


İsrail “Qara bayraq” adlı əməliyyata başlayıb.
Yeniavaz.com
xəbər verir ki, əməliyyat çərçivəsində İsrail Hərbi Hava Qüvvələri Yəməndəki üç limanı və “Galaxy Leader” yük gəmisini bombalayıb.
Həmin gəmi 2023-cü ildə “Ənsar Allah” hərəkatından olan husilər tərəfindən ələ keçirilmişdi.
İsrailin müdafiə naziri İsrael Katz hazırkı vəziyyəti İsrailin İrana endirdiyi son zərbələrlə müqayisə edib. O bildirib ki, Hudeyda, Ras İsa və Es-Salif limanları husilərin nəzarəti altında idi. Hücumlar zamanı Ras-Kanatibdəki elektrik stansiyası da hədəf alınıb.
“Yəmənin aqibəti Tehranla eyni olacaq. İsrailə qarşı əl qaldıran hər kəsin o əli kəsiləcək. Husilər törətdikləri əməllərin cavabını verməyə davam edəcəklər”, – deyə Katz “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, daha əvvəl yəmənli üsyançılar mütəmadi olaraq İsrail ərazisini ballistik raketlərlə atəşə tuturdular. Son hücum 6 iyun gecəsi baş verib. İsrail Müdafiə Ordusu bildirib ki, raketlər hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib. Katz daha öncə xəbərdarlıq etmişdi ki, belə hücumlar cavabsız qalmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top