
Tədqiqatçıların beynəlxalq qrupu müəyyən edib ki, ketogen pəhriz beynin qan dövranını əhəmiyyətli dərəcədə yaxşılaşdıra və BDNF (beyindən alınan neyrotrofik amil) adlı zülalın səviyyəsini artıra bilər.
Yeniavaz.com xəbər verir ki, “The Journal of Clinical Endocrinology & Metabolism” (JCEM) jurnalında dərc olunan tədqiqatda qeyd olunur ki, BDNF sinir hüceyrələrinin sağlamlığı üçün həyati əhəmiyyətə malikdir.
Qeyd olunub ki, bu, psixoloji pozuntuları olmayan sağlam insanlarda belə nəticələr göstərən ilk klinik araşdırmadır.
BDNF nədir və niyə vacibdir?
BDNF — sinir hüceyrələrinin sağ qalması, öyrənmə və yaddaşın formalaşması üçün əsas amildir. Onun azalması altsheymer xəstəliyi ilə əlaqələndirilir.
Araşdırmanın detalları:
Təcrübədə 50–70 yaş arası artıq çəkili 11 nəfər iştirak edib.
Onlar ardıcıllıqla iki pəhrizə riayət ediblər:
Adi pəhriz və ketogen pəhriz: burada kalorilərin 75%-i yağlardan, 20%-i zülallardan, 5%-i isə karbohidratlardan təmin olunur.
Ketogen pəhriz zamanı iştirakçılar ketoz vəziyyətinə keçiblər – bu zaman orqanizm enerji üçün qlükoza əvəzinə keton cisimciklərindən istifadə etməyə başlayır.
Nəticələr:
Beynin qan dövranı 3 həftədən sonra orta hesabla 22% artıb. BDNF səviyyəsi isə 47% yüksəlib.
Tədqiqatçılar bildirir ki, keton cisimcikləri yalnız enerji mənbəyi kimi yox, həm də hüceyrə səviyyəsində qoruyucu mexanizmləri aktivləşdirirlər.
Nəticələr PET-təsvirləmə (pozitron emissiya tomoqrafiyası) və qan analizləri vasitəsilə təsdiqlənib.
Mütəxəssislər vurğulayırlar ki, ketogen pəhriz yaşlılıqda beyin sağlamlığını qorumağın perspektivli yolu ola bilər, amma dəqiq nəticələr üçün genişmiqyaslı və uzunmüddətli klinik sınaqlar aparılmalıdır.