Alimlər qida allergiyasının inkişafının qarşısını almağın yolunu tapıblar


Təxminən 6 aylıq dövrdən başlayaraq körpələrin qidalanmasına yumurta və yerfındığı yağı əlavə edilməsi, qidalanma ilə bağlı ciddi allergiyaların inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Yeniavaz.com
xəbər verir ki, Avstraliyanın Uşaq Araşdırmaları İnstitutunun alimləri bu qənaətə gəliblər.
Onların genişmiqyaslı araşdırmasının nəticələri “Journal of Allergy and Clinical Immunology: In Practice” jurnalında dərc edilib.
Əvvəllər hesab olunurdu ki, potensial allergik qidalar (yumurta, yerfındığı və s.) bir yaşına qədər körpəyə verilməməlidir, xüsusilə də ailədə allergiyaya meyl varsa. Lakin yeni tədqiqat bu fikri təkzib edir.
“Uşaq belə qidaları nə qədər tez dadsa, immun sistemi onları təhlükə kimi tanımaq əvəzinə daha asan qəbul edir. Araşdırmada allergiyaya yüksək riski olan ailələrin uşaqları iştirak edib. Onlar iki qrupa bölünüb:
Birinci qrupda yumurta və yerfındığı yağı 10-cu aydan sonra verilib, ikinci qrupda isə bu qidalar təxminən 6-cı aydan etibarən təqdim olunub.
Nəticədə yumurta allergiyasının yayılma səviyyəsi 12%-dən 3%-ə düşüb, yerfındığı allergiyası isə 6%-dən 1%-ə qədər azalıb”, - məqalədə qeyd olunub.
Tədqiqatın müəllifləri valideynlərin bu yeni tövsiyələrdən xəbərdar edilməsinin vacibliyini vurğulayırlar:
“Bu biliklər nə qədər geniş yayılsa, bir o qədər çox ailə uşaqlarda qida allergiyalarının qarşısını ala bilər”.

DİGƏR XƏBƏRLƏR

Top