
Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova Rusiya Baş Prokurorluğuna Yekaterinburqda azərbaycanlıların saxlanılması vəziyyətinin araşdırılması ilə bağlı müraciət edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında bildirib.
Ombudsman həmçinin həbsin qanuniliyi və əsaslılığının, cinayət törətməkdə şübhəli bilinən və zərərçəkmiş şəxslərin hüquqlarına riayət olunmasının yoxlanılmasını istəyib.
O, eyni zamanda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın iyunun 27-də azərbaycanlıların saxlanılması, öldürülməsi və xəsarət yetirilməsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün onunla əlaqə saxladığını bildirib.
Qeyd edək ki, iyunun 28-də Azərbaycan Rusiyanı Yekaterinburqda öz vətəndaşlarının saxlanmasını araşdırmağa çağırıb. Bundan əvvəl KİV iyunun 27-də baş vermiş reyd barədə məlumat yayıb — təhlükəsizlik qüvvələri azərbaycanlıların 10-dan çox mənzilində axtarış aparıb, 50-yə yaxın adamı saxlayıb. Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi “keçən illərə” aid bir işi araşdırdıqlarını bildiriblər.