
Böyük Britaniya ABŞ-dən “B61-12” taktiki termonüvə bombaları daşıya bilən 12 ədəd “F-35A” qırıcısı alacaq.
Yeniavaz.com “The Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.
“Radikal qeyri-müəyyənlik dövründə biz artıq sülhü təbii qəbul edə bilmərik. Buna görə də, Böyük Britaniya hökuməti milli təhlükəsizliyimizə sərmayə qoyur”, - baş nazir bildirib.
“The Times” qəzetinin qeyd etdiyi kimi, Böyük Britaniyanın böhran zamanı belə silahlardan NATO missiyalarının bir hissəsi kimi istifadə etməsi planlaşdırılır.
Nəşrin məlumatına görə, Londonun təkliflərinə əsasən, 2008-ci ildən bəri ilk dəfə olaraq Amerika nüvə silahı Böyük Britaniya ərazisində yerləşdiriləcək.
Böyük Britaniyanın nüvə silahları hazırda yalnız ABŞ istehsalı olan Trident II (D5) ballistik raketləri daşıyan dörd Vanguard sinifli sualtı qayığa əsaslanır.