
İspaniyanın “Real Madrid” futbol klubunun fransalı hücumçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuya kəskin qastroenterit diaqnozu qoyulduğu bildirilir.
Qeyd edək ki, hazırda klub ABŞ-dədir, komanda klublararası dünya çempionatında iştirak edir. Mbappe ilk turun Səudiyyə Ərəbistanından “Əl-Hilal”a qarşı keçirdiyi oyunda (1:1) soyuqdəymə səbəbindən meydana çıxmayıb.
Mbappenin 26 yaşı var, o, 2024-cü ilin yayında azad agent kimi “Real Madrid”ə keçib. Fransalı 56 matçda 43 qol vurub və 5 məhsuldar ötürmə edib. 2024/25 mövsümünün sonunda hücumçu Avropa Futbol Assosiasiyaları İttifaqına daxil olan ölkələrin çempionatlarının ən yaxşı bombardirinə verilən “Qızıl buts”un sahibi olub.