
ABŞ Prezidenti Donald Tramp bir çoxunun dəyəri on milyonlarla dollar olan onlarla dəbdəbəli əşyalar və biznes təşəbbüslərindən, həmçinin onun adını daşıyan gitara, “İncil” nəşrləri və saatların satışından milyonlarla dollar gəlir əldə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlət başçısının iyunun 13-də dərc olunmuş 234 səhifəlik maliyyə bəyannaməsində deyilir.
Sənədlərdə həmçinin deyilir ki, siyasətçi 2024-cü ildə oğulları Erik Tramp və kiçik Donald Trampın rəhbər vəzifələrdə olduğu “World Liberty Financial” kriptovalyuta layihəsindən 57 milyon dollardan çox gəlir əldə edib.
Maliyyə bəyannaməsinə görə, 2024-cü ildə ABŞ Prezidentinin ən böyük gəlir mənbələrindən biri də bu kriptovalyuta layihəsi olub.
Bundan əlavə, dövlət başçısı “Amerikanı xilas et” kitabının satışından 3 milyon dollar, idman ayaqqabısı və ətirlərdən 2,5 milyon dollar, saatlardan 2,8 milyon dollar, “İncil” nəşrlərindən 1,3 milyon dollar, gitaralardan 1,05 milyon dollar gəlir əldə edib.