
16 500-dən çox fələstinli uşaq və yeniyetmə mərmilərin, İsrailin Qəzza zolağının bombalanmasının və blokadada olan anklavda 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından bəri inkişaf edən humanitar fəlakətin qurbanı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin statistik məlumatlarına görə, qeyd olunan müddət ərzində anklavda bir yaşa qədər 916, bir yaşdan beş yaşa qədər 4365, altı yaşdan 12 yaşa qədər 6101 uşaq ölüb.
2023-cü ilin oktyabrından bəri Qəzzada yaşı 17-dən az ölən yeniyetmələrin sayı 5124 olub.
Qəzza Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, təqdim olunan məlumatlar quru rəqəmlər deyil və zolaqdakı humanitar fəlakətin miqyasını və İsrail işğalçı qüvvələrinin ilk növbədə qorunmalı olan nəslə qarşı törətdiyi cinayətlərin qeyri-insaniliyini əks etdirir.
Nazirlik beynəlxalq ictimaiyyəti və humanitar təşkilatları Qəzzadakı vəziyyətə görə hüquqi və mənəvi məsuliyyəti öz üzərinə götürməyə, zolaqda müharibəyə son qoymaq üçün təcili tədbirlər görməyə və mülki şəxslərə qarşı cinayətlərə görə İsrail hakimiyyətini məsuliyyətə cəlb etməyə çağırıb.