
“Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş mümkündür, ancaq danışıqlar aparan nümayəndə heyətləri müəyyən razılaşmalar əldə etdikdən sonra”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz belə bir görüşü hər iki tərəfin nümayəndə heyətlərinin müəyyən razılıqları əldə etmək üçün apardıqları işin nəticəsi hesab edirik. Məhz iş nəticəsində və hər iki tərəfin razılaşmaları şəklində müəyyən nəticələr əldə etdikdən sonra mümkün hesab edirik”, - Peskov bildirib.
Peskov həmçinin təsdiqləyib ki, Rusiya atəşkəs üçün öz şərtlər siyahısını hazırlayır və onu Ukraynaya ötürəcək. Daha əvvəl Rusiya danışıqlarının rəhbəri Vladimir Medinski bəyan etmişdi ki, Moskva və Kiyev növbəti görüşə qədər bu cür şərtləri ətraflı şəkildə izah etməyə razılaşıblar.
Ukraynanın İstanbuldakı nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov danışıqlardan sonra mətbuat konfransında deyib ki, növbəti addım liderlər səviyyəsində görüşün təşkili olmalıdır. Medinski bildirib ki, danışıqlar zamanı Ukrayna nümayəndə heyəti belə bir görüşü təklif edib və rusiyalı müzakirəçilər bu tələbi nəzərə alıblar.
Xatırladaq ki, danışıqlara bir neçə gün qalmış Zelenski dəfələrlə Putini Türkiyədə şəxsi görüş keçirməyə çağırıb. Danışıqlar başlayan gün o, Ankaraya uçub və bir daha Rusiya prezidenti ilə görüşməyə hazır olduğunu bildirib. Putin bu təklifə heç bir şəkildə reaksiya verməyib.