
Tehranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının dördüncü raundu bu həftənin sonu, mayın 10-11-də baş tuta bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “X” sosial şəbəkə səhifəsində “Axios” portalının müxbiri Barak Ravid ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa istinadla məlumat verib.
“ABŞ bu həftə sonu İranla nüvə danışıqlarının dördüncü raundunu müzakirə etməyə çalışır. Əgər bu baş verməsə, səbəbi yalnız ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri ilə bağlı olacaq”, - Uitkoff bildirib.
Onun sözlərinə görə, İranla danışıqlar müsbət xarakter daşıyır.
“Biz müəyyən irəliləyiş əldə etməyə çalışırıq. Ümid edirəm ki, danışıqlar düzgün istiqamətdə irəliləyir. Prezident məsələnin mümkün olduğu qədər diplomatik yolla həllini istəyir”, - ABŞ Prezidentinin xüsusi nümayəndəsi qeyd edib.
Qeyd edək ki, bazar ertəsi İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi Tehranın İranın nüvə proqramı ətrafında böhranın həlli məsələsində Vaşinqtonla dolayı danışıqları davam etdirməyə hazır olduğunu və vasitəçi rolunu oynayan Omandan növbəti görüşün tarixini və yerini gözlədiyini bildirib.
Xatırladaq ki, Maskat və Roma danışıqları ABŞ və İran rəsmiləri arasında 2022-ci ildən bəri ilk yüksək səviyyəli təmaslar olub. Bu danışıqlar İranın nüvə proqramı ilə bağlı uzun müddətdir mövcud olan ziddiyyətləri həll etmək məqsədi daşıyır. Tramp dəfələrlə bildirib ki, İran sazişi qəbul etməkdən imtina edərsə, güc tətbiq etməyə hazırdır.