
Rusiya 2024-cü il yanvarın 15-dən 19-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunun (DİF) illik zirvə toplantısında təmsil olunmayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin məlumat verib.
“Rusiya Davosda keçiriləcək Dünya İqtisadi Forumunda təmsil olunmayacaq, çünki təşkilatçılar keçən il olduğu kimi, bu il də ruslara dəvət göndərməyiblər”, - o qeyd edib.
“Rusiya bundan nəsə itirir? Mən belə düşünmürəm. Məncə, belə qərardan yalnız forumun özü itirir. Biz də problemlərimizi başqa formatlarda və başqa platformalarda həll etməyə davam edəcəyik”, - diplomat bildirib.
Qeyd edək ki, DİF İsveçrənin qeyri-hökumət təşkilatıdır. Təşkilat hər il aparıcı biznes liderləri, siyasi liderlər və müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər keçirir. DİF-in iri şirkət və təşkilatlar arasında minə yaxın üzvü var.