Qaçqın: "Ermənilər də ağlaşırdı, deyirdilər, qonşuyuq da, dolanırıq..." - Video


Şamaxı rayonunun Kələxana kəndində Ermənistanın İcevan rayonundan qaçqın düşən azərbaycanlılar yaşayır. 1989-cu ilə qədər isə Kələxanada ermənilər yaşayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin kənddən hazırladığı reportajda bildirilib.
Kənd sakini Şahin Budaqov deyib ki, 1988-ci ildə burda məskunlaşıblar. İcevandan çıxanda onun 16 yaşı olub. Qaçaqaç düşəndə əşyalarını götürməyə belə macal tapmayıb:
“Şamaxının Göylər kəndi var, 1988-ci ildə gəldik orada məskunlaşdıq. Bunlar hamısı erməni kəndləridir. Sonra rayon icra başçısı tərəfindən bu kəndlər qaçqınlara verildi. Gecə saat 12 idi. Rus komendantı gəldi, bizi çıxarmağa başladılar. Sonra bizi avtobusa doldurub yavaş-yavaş daşıdılar. Heç nə götürə bilmədik, evimiz, maşınımız, mülkümüz - hamısı orada qaldı”.
İcevanın keçmiş sakinlərindən Ramazan Qasımov isə Ermənistanda keçirdiyi illəri belə xatırlayır:
“Onlar da ağlaşırdı. Deyirdilər, biz nə etmişik ki, qonşuyuq da, dolanırıq. Mənim babamın babası da orda yaşayıb. Gedirdin adama hörmət edirdilər. Sürücü idim, bəzən gecə yolda qalırdım, benzinim qutarırdı. Gəlirdilər, deyirdilər ki, nə lazımdı, sənə nə kömək edim, niyə burda qalıbsan? Onlarda bu xasiyyət var idi. Kim olur-olsun, yolda qalmağa qoymazdılar. Adam gərək Allahla danışa, Allahsız danışmayasan”.
Kələxanada yaşayanlar qeyd edib ki, əhalinin xeyli hissəsi işsizlikdən və sosial problemlər səbəbindən buranı da tərk etməyə məcbur olub.

DİGƏR XƏBƏRLƏR

Top