"Bakı, Sumqayıt, Gəncəyə ermənilərin qaytarılması məsələsi qaldırılsa, razılıq verməliyik, çünki…"


"Zəngəzur məsələsinin gündəmdə olması ərazi iddiası, aqressivlik deyil - siyasi təzyiq vasitəsidir".
Yeniavaz.com
xəbər verir ki, REAL Partiyasının icraçı katibi Natiq Cəfərli özünün “facebook” səhifəsində yazıb. O bildirib ki, Azərbaycan tərəfinin ağılla, siyasi doğru ritorika ilə Zəngəzurun adını hallandırması, Ermənistanın Dağlıq Qarabağın statusu məsələsində israrından vaz keçməsi şansını artırır:
“Biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik, iqtisadi və insani münasibətlərin yaranmasında, kommunikasiya xətlərinin açılmasında, logistik əlaqələrin bərpasında maraqlıyıq. 
Biz Ermənistanla dinc qonşuluq etməyə hazırıq, amma rəsmi İrəvən buna hazırdımı?! Sabah status məsələsini tək rəsmi İrəvən yox, Moskva, Paris, Vaşinqton qaldırsa nə olacaq?! 
Minsk Qrupu yerindəcə qalıb, heç yerə itməyib. Rəsmi Moskvanın regionda tək söz sahibi olması istəyinin qarşısını həm də Minsk Qrupu formatı ala bilər: Biz işimizi doğru qursaq, Moskva ilə Qərb arasında olan münaqişə və fikir ayrılığından gözəl istifadə edə bilərik. Rusiyanın bu məsələdə yeganə söz sahibi olması tək bizi yox, elə Qərbi də narahat edir. Sabah Rusiya qoşununun ərazimizdən çıxarılması məsələsində məhz Paris və Vaşinqton bizə kömək ola bilər.
Amma Minsk Qrupunun təhlükəli yanları da var - status məsələsi. Biz özümüzü aldatmayaq, bu məsələ masaya gətiriləcək, müəyyən təzyiqlər olacaq. Bu təzyiqlərin amortizasiyası üçün iki vacib yol var: Daxildə çoxsəsli parlament (həm də güclü vətəndaş cəmiyyəti) və paralel olaraq Zəngəzura qaçqınların qayıtması, buna zəmanət məsələsi - başqa yol görmürəm. 
Biz ağılla, siyasi doğru ritorika ilə hər dəfə "Zəngəzur" deyəndə, Ermənistanın status məsələsində israrından vaz keçməsi şansı artır. 
Bəli, biz Ermənistana ərazi iddiası etmirik, amma Qərbi Azərbaycandan olan türklərin öz ata-baba yurduna qayıtması üçün mütləq son sülh müqaviləsində hüquqi baza yaradılmalıdır. Əgər əvəzində Ermənistan Bakı, Sumqayıt, Gəncəyə erməni əsilli azərbaycanlıların qaytarılması məsələsini qaldırsa, buna da razılıq verməliyik. Çünki, demoqrafik üstünlük bizdədir, yaxın 25-30 ildə reginda demoqrafik üstünlük tam bizdə olacaq. İqtisadi, insani münasibətlərin bərpasında da sonda udan biz olacağıq. 
Daha soyuqqanlı olmağı və strateji düşünməyi öyrənməliyik”.

DİGƏR XƏBƏRLƏR

Top