Türkiyədə koronavirusa görə qadağalar sərtləşdirildi


Ramazan ayı müddətində Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin 81 bölgəsinə koronavirusla əlaqədar qismən qapanma ilə bağlı xəbərdarlıq sənədi göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb. Qərar 13 aprel 2021-ci il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə prezident kabinetində keçirilən iclasda verilib. Qərarın verilməsinə səbəb son günlərdə ölkədə xəstə sayının sürətlə artması olub.
Sözügedən sənəddə göstərilib ki, ölkə ərazisində qismən qapanmalar çərçivəsində maskadan istifadə ​​və məsafə qaydalarına əməl etməklə yanaşı bir sıra digər tədbirlər tətbiq olunacaq.
  • Həftə içi günlərdə küçəyə çıxma qadağaları 19:00-dan 05:00-a kimi davam edəcək. Şənbə və bazar günləri isə qadağalar bütün gün ərzində olacaq.
  • Komendant saatına əsasən bütün iş yerlərinin (bəzi yerlər istisna olmaqla) iş saatları 07:00-dan 18:00-a kimi müəyyən ediləcək. Şəbəkə marketlərdə isə iş saatı 10: 00-a kimi davam etdiriləcək.
  • 16 may 2021-ci il tarixinə kimi restoranlar, kafelər, un məmulatları satılan yerlər müştəri qəbul edə bilməyəcək.
  • Qida sahələri səhər saatlarından axşama kimi paket və onlayn şəklində xidmət göstərəcək. İftardan sahura kimi isə ancaq paket servisi və onlayn şəkildə fəaliyyətini davam etdirəcək.
  • Vətəndaşlara xüsusi hallar xaricində şəhərlərarası ictimai nəqliyyatdan istifadə etmək qadağan olunacaq. 65 yaşdan yuxarı və 18 yaşdan aşağı yaş qrupu istisna olmaqla digər şəxslər bəzi zəruri hallarda küçəyə çıxa bilərlər.
  • Toy mərasimlərinin keçirilməsinə 17 maydan sonra icazə veriləcək.
  • Hovuzlar, idman zalları, gözəllik salonları, hamam və saunalar, uşaq əyləncə mərkəzləri, çayxana, kafe, dərnək, çay bağı, internet kafe, elektron oyun yerləri, bilyard salonları kimi yerlərin fəaliyyəti dayandırılacaq.
  • Qocalar evləri, reabilitasiya mərkəzləri, uşaq evləri kimi sosial müdafiə və xüsusi qayğı tələb edən mərkəzlərə ziyarətçi qəbul edilməyəcək.
Qeyd edək ki, iki həftəni əhatə edəcək qərar bu gün saat 19:00-dan etibarən tətbiq olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top