ABŞ-ın Əfqanıstana demokratiya ixracı necə biznesə çevrildi?


ABŞ-ın Əfqanıstanda atdığı addımlar və demokratiya adı altında görülən işlərin necə biznesə çevrildiyi barədə maraqlı məqalə dərc edilib. 
Yeniavaz.com
xəbər verir ki, “Foreignpolicy.com” xəbər portalında yayımlanan məqalədə ABŞ-ın Əfqanıstana liberal dəyərlərin gətirilməsi adı altında görülən işlər üçün milyonlarla dollar xərclədiyi və 700 mindən çox hərbçi gətirdiyi vurğulanıb. İzzətullah Mehrdadın yazdığı məqalədə bildirilir ki, bütün bunlar Əfqanıstanda ümumi vəziyyəti yaxşılaşdırmadı, əksinə daha da pisləşdirdi. 
Məqalədə qeyd olunan əsas məqamlardan biri qeyri-hökumət təşkilatları vasitəsilə görülən işlərdir. Yazar, QHT-lərin fəaliyyətinin təsirli olduğunu, onlar vasitəsilə demokratiya üçün müxtəlif işlərin görülə biləcəyini deyib.
İzzətullah Mehrdad bildirib ki, dünyanın bir çox ölkəsində qeyri-hökumət təşkilatları inkişaf edib və demokratiya uğrunda müxtəlif vacib addımlar atırlar. Ancaq, bunlar Əfqanıstanda normal şəkildə qurulmadı. ABŞ hökuməti Əfqanıstanda QHT-lərin qurulması üçün hərəkətə keçdi və bu istiqamətdə milyonlarla dollar ayırdı. Həmin QHT-lər Əfqanıstanda liberal dəyərləri öyrətmək üçün müxtəlif seminarlar, iclaslar keçirməyə başladı. Ancaq, həmin QHT-lər yerli qaynaqlardan və həmin istiqamətdə işləyən əfqanlardan toplanmadığı üçün süni bir quruma çevrildi. İnsanlar orada azadlıq, hüquqi bərabərliyin müdafiəsi üçün yox, pul qazanmaq üçün toplandı. Hətta, Kabildə bu cür təşkilatlara kirayə evlər verən şəxslər varlanmağa başladı. 
Yazar, Əfqanıstandakı hakimiyyətin də ABŞ tərəfindən dəstəkləndiyini və onların da həqiqi azadlıq uğrunda heç bir iş görmədiyinə sadəcə, Qərbin tapşırıqlarını yerinə yetirdiklərinə diqqət çəkib. İzzətullah Mehrdad, 2001-2014-cü illər arasında ABŞ tərəfindən maliyyələşdirilən prezident Həmid Kərzayi hökumətini də sərt tənqid edib. Onun sözlərinə görə, hökumət  ölkədəki süni QHT-lərə müdaxilə etmədən, demokratiyanı dəstəkləyəcək addımlar atmadan qanunları Qərb ölkələrindən olduğu kimi götürüb sadəcə imzalayıb. Nəticədə, ölkədə vəziyyət daha da gərginləşib. Bununla da hökumət bir tərəfdən hərbi qarşıdurma ilə üzləşdi, digər tərəfdən vətəndaş cəmiyyətini bir tərəfdaş kimi görmək əvəzinə düşmən olaraq təqdim etməyə başladı.
Daha sonra Əfqanıstan hökuməti bütün baş verənlərdən diqqəti yayındırmaq üçün fərqli siyasət yeritməyə başladı. Hökumət guya liberal dəyərlərə sahib çıxdığını göstərmək üçün İslam Əmirliyi qurmağa çalışan Talibana qarşı çıxdı. Bu isə hökumətin demokratik dəyərlər onların mənafelərini qoruduğu müddətdə istifadə edildiyini aşkar şəkildə sübuta yetirdi. ABŞ indi Əfqanıstandan çəkilmək barədə qərar üzərində düşünür. Əfqanıstanda mümkün iki ssenari özünü göstərə biləcək. Ya, Əfqanıstanda liberalizm, demokratiya bərqərar olacaq, ya da ən acınacaqlı hal baş verəcək və Əfqan hökuməti Taliban rejiminin bir hissəsinə çevriləcək.

DİGƏR XƏBƏRLƏR

Top