Uşaqlarda yetkinlik dövrü


Uşaqlarda yetkinlik dövrü (bunu başqa cür "uşaqlarda həddi-büluğ dövrü" də adlandırmaq olar) əsasən 11 yaşından sonra müşahidə edilir. Bu dövr həm uşaq üçün, həm də ailəsi üçün çox çətin bir dövrdür. Bu dövrdə ailə uşağını anlamaqda çətinlik çəkir, uşaq isə ailəsinin onu başa düşmədiyini güman edir. Ona görə də, valideynlər bu dövrdə uşaqlarını nə qədər yaxşı tanısalar və bu dövrün incəliklərinə nə qədər çox bələd olsalar, valideyn-uşaq ziddiyyətləri bir o qədər az olar. Digər tərəfdən, yetkinlik dövrü uşaq üçün fiziki, cinsi, sosial və emosional dəyişiklik dövrüdür. Bu dövrdə uşaqların özlərini ifadə etməkdə çətinlik çəkmələri də təbiidir.
Bu dövrdə uşaqlar əsasən aşağıdakıları hiss edirlər:
- Uşağın hisslərində qeyri-sabitlik müşahidə edilir. Ona görə də, valideynlər bununla barışmalı və yersiz müdaxilələrlə problemi dərinləşdirməməlidirlər.
- Bu dövrdə hisslər ön plana çıxır. Bu, istər uşağın səs tonunda, istərsə də mimikalarında özünü göstərir.
- Yetkinlik dövründə olan uşaq başqa dövrlərlə müqayisədə daha çox xəyal qurur və tez-tez reallıqlardan uzaqlaşır. Bu xəyallar onun gələcək planları ilə bağlı ola biləcəyi kimi, başqa planlarla da bağlı ola bilər.
- Bu dövrdə uşaq tez-tez tək qalmaq ehtiyacı hiss edir. Əgər uşağınız tez-tez öz otağına çəkilirsə və tək qalmaq istəyirsə, bunu təbii qarşılamalısınız.
- Bu dövrdə uşaqların özlərini yorğun hiss etmələri də təbiidir.
- Yetkinlik dövründə uşaqların yeni şeyləri sınaqdan keçirmək həvəsi artır.
- Bu dövrdə uşaqlar üçün əsas amillərdən biri də dostdur. Buna görə də, dost seçərkən istər uşaqlar, istərsə də valideynlər çox diqqətli olmalıdırlar.
Digər tərəfdən, bu dövrdə depressiyaların artması da təbiidir. Buna səbəb özünəinam problemi, həmçinin məktəb və ya ailədaxili problemlərdir. Bu depressiyalar əsasən qısamüddətli olur və müdaxilə etməyə ehtiyac yoxdur. Yetkinlik dövründə olan uşaqlarda təcrid olunmaq hissi də təbiidir. Buna səbəb isə yaxınları ilə olan ziddiyyətlər, tənhalıq hissi, uşaqlıq dövrü ilə bağlı problemlər, ölüm, ayrılıq və s.-dir. Digər tərəfdən, yetkinlik dövründəki uşaqlarda tez-tez aqressivlik müşahidə olunur. Belə hallarda onları yola gətirməyə çalışmaq mənasızdır. Ən yaxşısı onların sakitləşməsini gözləməkdir.
Başqa bir problem isə yeməklə bağlıdır. Xüsusilə, çox yemək və ya yeməkdən imtina etmək, həmçinin, çox kök olduğunu düşünmək bu dövrdə olan uşaqlarda müşahidə edilən əsas problemlərdən biridir. Ona görə də, bu dövrdə olan uşaqlar hər şeydən əvvəl diqqət mərkəzində olduqlarını hiss etməlidirlər. Üstəlik, bu məsələdə valideynlər xüsusilə diqqətli olmalıdırlar. Əks halda uşağınız sizdən uzaqlaşa bilər.
Bundan başqa, uşağınızla tez-tez fikir mübadiləsi aparın və lazım gəlsə, onunla ailə məsələlərini də müzakirə edin. Yetkinlik dövründə olan uşaqlar üçün nəsihətlərin də demək olar ki, elə bir təsiri olmadığını unutmayın. Digər tərəfdən, bu dövrdə olan uşağın dostlarını tənqid etmək də çox təhlükəlidir. Bu işdə ən yaxşı üsul onları tanımağa çalışmaqdır. Üstəlik, bunu uşağınıza hiss etdirmək də çox yaxşı olar. Əgər xoşagəlməz bir hal varsa, bunu uşağınızla müzakirə edin. Bununla yanaşı, evdəki mühitin gərgin olmamasına çalışın. Və nəhayət, əgər yetkinlik dövrü çətin keçirsə, bir mütəxəssisə müraciət edin.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top