Ölkə əhalisinin sayı ilin əvvəlindən 9 min 16 nəfər və ya 0,1% artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10 milyon 189 min 786 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, əhalinin ümumi sayının 54,5%-ini şəhər, 45,5%-ini kənd sakinləri, 49,8%-ini kişilər, 50,2%-ini isə qadınlar təşkil edir.
Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 min 526 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,7-yə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7%, qız uşaqlarının xüsusi çəkisi isə 47,3% olub. Körpələrdən 828-i əkiz, 39-u isə üçəm doğulub.
Bu ilin yanvar-mart aylarında ölkədə 15 min 645 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,7-dən 6,2-yə düşüb.
Elnur Əli