Ermənistan parlamentinin keçmiş üzvü Araqats Axoyan külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, aldatma və səlahiyyətdən sui-istifadə yolu ilə başqasının əmlakının xüsusilə külli miqdarda oğurlanması ilə bağlı bir neçə fakt müəyyən edilib.
İstintaq Komitəsinin məlumatına görə, o, 2010-2014-cü illərdə paytaxtın Ərəbkir inzibati rayonunda yaşayış kompleksinin tikintisi ilə məşğul olan iki şirkətə sahib olub. O, tikilməkdə olan kompleksdə mənzil və dayanacaq almaq istəyən 6 nəfərdən ümumilikdə 274 milyon 712 min dram (704 min dollardan çox) alıb, lakin sonradan pulu şirkətlərin hesabına köçürməyib və şəxsi ehtiyacları üçün xərcləyib. Bu müddətdə daha bir neçə analoji epizod üzə çıxıb, on milyonlarla dramlıq fırıldaqlar həyata keçirilib.
Axoyan mayın 15-də saxlanılıb, daha sonra həbs edilib. O, Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsi (2 epizod) və 256-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə ittiham olunub.
Qeyd edək ki, Axoyana qarşı artıq ötən il ictimai zorakılığa çağırışlara görə iş açılıb. Siyasətçi etirazlarda iştirak edib. O, həbs olunub, lakin 2024-cü il yanvarın sonunda sərbəst buraxılıb.