Qırğızıstan və Tacikistan sərhədində Tacikistan sakinləri ilə qırğız sərhədçiləri arasında atışma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
“2024-cü il mayın 7-də Qırğızıstan-Tacikistan dövlət sərhədində odlu silahdan istifadə ilə insident baş verib. Təxminən saat 12:20-də (Bakı vaxtı ilə saat 10:20-də) Batken vilayətinin (Qırğızıstan) Leylek rayonunun Ak-Bosoqo kəndi yaxınlığında Qırğızıstanın sərhəd naryadı dövlət sərhəd xəttindən 250-300 metr məsafədə Qırğızıstan ərazisində mal-qara otaran Tacikistan vətəndaşlarını - çobanları müşahidə edib”, - məlumatda qeyd edilib.
Məlumata görə, sərhədçilər vətəndaşlara ərazini tərk etmək bardədə xəbərdarlıq edib. Tacikistan vətəndaşları sərhədçilərin tələblərinə məhəl qoymayıb, üstəlik, hərbçilərə daş atmağa başlayıblar.
“Çobanlardan biri Qırğızıstan sərhədçisinə tərəf 2-3 dəfə atəş açıb. Vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün qırğız sərhədçiləri havaya xəbərdarlıq atəşi açıblar. Bundan sonra çobanlar Qırğızıstan ərazisindən Tacikistan ərazisinə qaçıblar”, - sərhəd xidməti qeyd edib.
İlkin məlumata görə, insident zamanı Tacikistan vətəndaşlarından biri naməlum şəraitdə ayağından yaralanıb. Qırğızıstan sərhədçiləri arasında isə xəsarət alan olmayıb.
“Hazırda Qırğızıstan-Tacikistan sərhədində sabitlik hökm sürür”, - sərhəd xidmətindən bildirilib.