Çin dünyada avtomobil bazarının üçdə birini tutdu


Qlobal avtomobil satışlarının üçdə biri Çinin payına düşür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyası məlumat yayıb.
Məlumata görə, martda Çin brendlərinin satışı bütün planetdə satılan 8,15 milyon avtomobilin 33%-nə çatıb.
Bazar payına görə birinci yeri 10,6 faiz payla “Toyota”, ikinci yeri 9,5 faiz payla “Volkswagen”, üçüncü yeri 7,4 faiz payla “Hyundai” tutur. İlk 10-luqda yer alan yeganə Çin brendi “Geely”dir. Şirkət 738 mindən çox avtomobil satıb ki, bu da ümumi bazar payının 3,5 faizini təşkil edib.
Çinin BYD şirkəti 10-cu yeri tutan “Geely”yə yaxınlaşıb: o, martda qlobal avtomobil bazarının 3,2 faizini tutub və 11-ci yerdə qərarlaşıb. Onu 3 faiz payla “Chery” izləyib.
Avropa bazarında “Chery” və “Geely”nin payı 6, Çində isə müvafiq olaraq 3 və 2 faizdir. Ucuz elektrik avtomobilləri ilə tanınan avtomobil nəhəngi BYD isə Çində satışların 9 faizini təşkil edib. Avropada isə onun payı hələ bir faizə çatmayıb.
Qeyd edək ki, çinlilərin dünyada bazarın üçdə birini tutması ilk deyil. Belə ki, 2016-cı ildən 2018-ci ilə qədər Çin markaları satılan bütün avtomobillərin təxminən 30 faizini təşkil edib. 2019-cu ildə isə bu pay 29 faizə düşüb, 2022-ci ildə isə 33 faizə yüksəlib.
Digər tərəfdən, Avropa və ABŞ-də Çin avtomobillərinin artması həyəcan təbilinin çalınmasına səbəb olub. Belə ki, keçən il Avropa Komissiyası Çinin elektrik avtomobillərinin çox aşağı qiymətləri ilə bağlı araşdırmaya başlayıb. ABŞ Prezidenti Co Bayden isə çinliləri milli təhlükəsizliyə zərbə vurmaqda ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top