Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul etdi


Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın bu işə öz töhfəsini verdiyi vurğulanıb.
Azərbaycan Prezidentinin bu yaxınlarda Rusiyaya uğurlu səfəri qeyd olunaraq, bu səfərin əlaqələrin daha da möhkəmlənməsini nümayiş etdirdiyi bildirilib. Dövlət başçısı bu səfər çərçivəsində Rusiya Prezidenti ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə tədbir iştirakçılarının Ulu Öndərin bu layihənin reallaşmasındakı xidmətlərini böyük hörmətlə yad etmələrindən məmnunluğunu bildirərək, vurğulayıb ki, bu, münasibətlərin səmimiliyini nümayiş etdirir və qürur hissi doğurur.
Həştərxan vilayətinin qubernatoru ilk növbədə İlham Əliyevi Prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, bunu Azərbaycan xalqının dövlət başçısına sonsuz etimadı kimi dəyərləndirib.
İlham Əliyev təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirib.
İqor Babuşkin ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Həştərxanda geniş miqyasda bir sıra təntənəli tədbirlərin keçirildiyini deyərək, bununla bağlı hazırlanmış xatirə fotoalbomunu dövlət başçısına təqdim edib.
Prezident Həştərxanda Ümummilli Liderin xatirəsinə göstərilən yüksək etimada görə minnətdarlığını bildirərək, bunu ölkələrimiz və xalqlarımız arasında dostluğun nümunəsi olduğunu deyib.
Həştərxan vilayətinin qubernatoru Xəzəryanı ölkələri əhatə edən və dostluq rəmzi olan “Xəzər - Dostluq dənizi” devizi altında həyata keçirdikləri motoyürüşə Azərbaycan hökumətinin dəstəyinə görə minnətdarlığını ifadə edib.
Söhbət zamanı Heydər Əliyev Fondunun Həştərxanda reallaşdırdığı layihələrin önəminə toxunulub.


DİGƏR XƏBƏRLƏR

Top