Britaniya ölkədəki miqrantları Ermənistana göndərmək üçün danışıqlar aparır – KİV


Böyük Britaniya krallıqda məskunlaşmış qeyri-qanuni miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times” qəzeti Böyük Britaniya Xarici İşlər Nazirliyinin sənədlərinə istinadən məlumat yayıb.
Bildirilir ki, bu məsələ ilə bağlı Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta-Rika ilə dialoq aparılır. Nəşrin məlumatına görə, London məhz bu dörd ölkə ilə Böyük Britaniya və Ruanda arasında əvvəllər əldə edilmiş razılaşmanın analoqunu bağlamağı gözləyir.
Qeyd olunur ki, Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla da mümkün əməkdaşlıq məsələsi də qaldırılıb, lakin Krallığın Xarici İşlər Nazirliyi hesab edir ki, bu ölkələrin hakimiyyət orqanları bunda çox maraqlı olmayacaq. Həmçinin ehtiyat siyahıda Britaniya tərəfinin dialoqa başlaya biləcəyi Afrika dövlətlərinin, o cümlədən Anqola, Kabo-Verde, Tanzaniya, Toqo, Seneqal və Syerra-Leonenin adları var. Qambiya, Mərakeş, Namibiya və Tunis isə məsələni müzakirə etməkdən imtina ediblər.
Nəşr yazır ki, Böyük Britaniya artıq bir il yarımdır ki, krallıqdan qovulmuş qeyri-qanuni miqrantları qəbul etməyə hazır olacaq ölkələr axtarır. Ölkənin baş naziri Rişi Sunak ötən ilin payızında müvafiq razılaşmaların bağlanacağına ümid edirdi, lakin Britaniya hakimiyyəti Ruandaya bir dənə də olsun qeyri-qanuni immiqrant göndərə bilmədiyi üçün danışıqlar dalana dirənib.
Bildirilir ki, London İrəvanla texniki danışıqlara ötən ilin sentyabrında krallığın xarici işlər nazirinin müavini Leo Doçerti Ermənistana səfər edərkən başlayıb. Britaniya parlamentinin yeni qanunun lehinə səs verməsindən sonra Ermənistan hakimiyyətinin Ruanda ətrafındakı vəziyyətin gedişatını izlədiyi bildirilir. London və Kiqali arasındakı razılaşma, krallıqdan qovulan qeyri-qanuni mühacirlərin Ruandada bunun üçün müraciət edə biləcəyini təklif edir və eyni zamanda miqrantların risk altında ola biləcəkləri ölkələrinə qovulma ehtimalının istisna edilməsini nəzərdə tutur.
Qeyd edək ki, Böyük Britaniya hakimiyyəti bir neçə ildir ki, mütəşəkkil cinayətkar qruplar tərəfindən dəniz yolu ilə ölkəyə gətirilən qeyri-qanuni mühacirlərin problemini həll etməyə çalışır. Hökumət ümid edir ki, Ruandaya deportasiya perspektivi qeyri-qanuni miqrantlar üçün Böyük Britaniyanı Fransadan daha az cəlbedici edəcək.
“Sky News”un hesablamalarına görə, 2018-ci ildən bəri 100 mindən çox qeyri-qanuni immiqrant rezin qayıqlarla Manş boğazını keçərək ölkəyə gəlib və sığınacaq üçün müraciət edib. Hazırda Daxili İşlər Nazirliyinin tədqiq etdiyi belə müraciətlərin ümumi sayı 175 mini ötüb. Müraciətlərə baxıldığı müddətdə qaçqınlar xüsusi miqrasiya mərkəzlərinə yerləşdirilsələr də, uzun müddətdir ki, orada kifayət qədər yer yoxdur. “The Times” yazır ki, qeyri-qanuni mühacirlərin saxlanması Britaniya vergi ödəyicilərinə ildə təxminən 4 milyard funt-sterlinqə başa gəlir.

DİGƏR XƏBƏRLƏR

Top