ABİD ÖMƏROĞLU

Səccadəsi yetim qalmış adam

Səccadəsi yetim qalmış adam

ABİD ÖMƏROĞLU
Bu yazıda səccadəsi yetim qalmış bir adamın hekayəsini danışmaq istəyirəm. Adətən yetim qalmaq ifadəsini sözün düz mənasında ata-anası, ya da atası və ya anasından biri vəfat etmiş insana, xüsusən də uşaqlara aid edirlər. Bu söz daha çox sahibsiz qalmaq, kimsəsiz və himayəsiz olmaq və s. kimi mənalarda işlədilir. Bir də “yetim qalmaq” ifadəsinin məcazi məna çalarları var ki, bu yazıda həmin o məna çalarlarından birindən, “yetim qalmış səccadə”nin hekayəsindən bəhs etməyə çalışacam...
Səccadəsi yetim qalmış adamı, yəni bu hekayənin qəhrəmanını kənarda, hansısa bir romanın içində, yaxud hansısa vəfat etmiş bir adamın səccadəsi olaraq başa düşə bilərsiniz. Ancaq bu arada özümüzü də kənarda görməməliyik. Səccadəsi yetim qalmış adam bəlkə elə biz özümüzük. Evində səccadəsi olan, bəlkə də ümumiyyətlə heç səccadəsi olmayan bizim hekayəmiz…
Atadan, anadan və ya hər ikisindən yetim qalmış insanı adətən valideyn qayğısından, onların sevgi və şəfqətindən, bir sözlə çox şeydən məhrum qalmış insan kimi qələmə verirlər. Hətta bir ara valideynləri olsa da, “yetim” böyüyən uşaqlardan da bəhs etmiş, bu haqda bir yazı qələmə almışdım. Orada belə bir cümlə də var idi: “Uşaq tərbiyə etmək bacarığı və qabiliyyəti olmayan, əgər olsa da, uşaq tərbiyəsi ilə bağlı heç bir məsuliyyət hissi daşımayan bir ana və onların heç bir problemi ilə maraqlanmayan bir atanın nəzarətindəki uşaqlar valideynləri olsa da, yetimdirlər”.
Məktəb binası şagirdsiz, universitet də tələbəsiz qalanda yetim qalmış hesab edilir. Çünki universitet tələbə ilə, məktəb də şagirdlərlə öz funksiyasını icra etmiş olur. Bir də məktəbsiz, təhsilsiz, elmsiz qalan gəncliyin “yetimliyi” var ki, əsl məhrumiyyət, əsl himayəsiz qalmaq məhz budur. Binaların “yetim” qalması da məhz bu əsl yetim qalmağı anladan bir kinayədir.
Bəli, bir mənada məscidlərin yetim qalmasından, hətta yeri gələndə minbərin, mehrabın yetim qalmasından, evdəki səccadənin, Quranın yetim qalmasından bəhs edə bilərik. Məscid, orada namaz qılan camaatı olmayanda, minbər və mehrab Peyğəmbəri (s.ə.s) təmsil ruhu olmayanların əlində qalanda, xarabalığa çevriləndə, Quran anlaşılaraq və əməl edilərək oxunmayanda, səccadə üzərində namaz qılanı olmayanda yetim qalmış hesab olunurlar.
Səccadənin yetim qalması əslində insanın Uca Yaradanına (c.c) uzaq düşməsidir. Yetim qalmış səccadə məhz belə bir uzaqlığa kinayədir. Əsl qəsd olunan Rəbbindən uzaq düşmüş insanın özüdür. Yəni, işin həqiqət payında burada yetim qalan səccadə və ya namaz da deyil, məhz insandır. Namazdan yetim qalmış insan.
Görəsən namazdan yetim qalmaq, Qurandan yetim qalmaq, məsciddən, ümumiyyətlə mənəvi dəyərlərdən yetim qalmaq insanda hansı məhrumiyyətləri, hansı boşluqları ortaya çıxarır? Və bu boşluqları başqa bir şeylə doldurmaq mümkündürmü?
Sözün bu yerində imansızlığın, səcdəsizliyin, Uca Yaradanı (c.c) tanımamağın ortaya çıxardığı mənəvi boşluğa yaxalanmış bir xalqdan bəhs etmək yerinə düşər. Bu xalq “Həzrət Yunusun (ə.s) qövmü – Ninova xalqı”dır. Zənnimcə inamsızlığı, səcdəsizliyi bariz şəkildə görüb anlayan topluluqlardan, xalqlardan biri ninovalılar idi. Bu haqdakı bir araşdırmada daha əvvəl bunları qələmə almışdım: “Ninova xalqı həqiqəti iliklərinə, ruhlarının dərinliklərinə qədər bir xalq olaraq anlamış, fərqinə varmış, maddi rifah və intibahla yanaşı, bu dəfə mənəvi bir intibahla da yüksələ bilmişdilər. Bir insanın Allaha (c.c) iman etməsi elə bir məsələdir ki, insanları bu və ya digər formada bu həqiqətdən (müəyyən dövr və sistemlərdə buna şahid olduğumuz kimi) məhrum buraxmaq olar. Həmçinin insan öz seçimi olaraq da belə bir məhrumiyyət yaşaya bilər. Ancaq imansızlığın ortaya çıxardığı mənəvi boşluğu heç nə ilə doldurmaq olmaz. Budur, dövrün ən mütərəqqi şəhərinin rifah içərisində yaşayan xalqı o boşluğu hiss etmiş, nəticədə Ninovanın yüz minlik (100 000) əhalisi, peyğəmbərləri Həzrət Yunus (ə.s) onları tərk etmiş olsa da, iman nemətinə qovuşmuşdular”. Assuriya dövləti və bu dövlətin paytaxtı Ninova şəhəri bir sıra tarixçilər, araşdırmaçılar tərəfindən bir çox məqamlarda mədəniyyətin beşiyi olaraq göstərilir. Ancaq onlarda imansızlığın ortaya çıxardığı mənəvi boşluq var idi ki, bu boşluğu məhz elə imanla və bu imanın əməli təzahürü olan Uca Yaradana (c.c) ibadətlə doldurmaq mümkün olmuşdu.
Hərçənd hazırkı dövrdə də dünya üzərində təxminən Ninova şəhərinin xalqı qədər insanın il ərzində imana gəlməsini nəzərə alsaq, deməli zaman və məkan dəyişsə də insanın mənəvi ehtiyacı dəyişməz olaraq qalır. Axı daxildən gələn bir ehtiyac olmazsa, keçmişdə toplu halda Assuriya xalqını, günümüzdə də fərd-fərd yüzminlərlə insanı başqa hansı amil imana sövq edə bilər?
Sözün bu yerində yenidən həmin o səccadəyə qayıdaraq yazını bitirmək istəyirəm... Sənin, onun, başqalarının səccadəsi həqiqətən də bir gün “yetim” qala bilər. Yəni, sözün düz mənasında üzərində ibadət etdiyin səccadə səndən sonra bir daha istifadə edilməyə bilər. Ancaq bunun üçün üzülməyə dəyməz. Çünki o səccadə səndən sonra ələ gəlmsə, köhnəlib atılsa da, sən Yaradanın (c.c) hüzuruna alnı səcdəli getmiş olacaqsan. Yetər ki, sən sağ ikən o səccadə yetim qalmış olmasın...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top