Xərclərimizin 50 %-ni yeyib-içməyə, 2 %-ni təhsilə sərf edirik İNFOQRAFİKA

Azərbaycanda adambaşına düşən istehlak xərcləri ayda 225 manat 55 qəpiyə bərabərdir. "Yeniavaz.com" xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu - 2015-ci ilin statistik göstəricilərində yer alıb. İstehlak xərclərinin 99 manat 40 qəpiyi ərzaq məhsullarının alınmasına yönəldilir. Bu da ümumi xərclərin 40,5%-ni təşkil edir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin bu məlumatı ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin İqtisadi Tədqiqatlar Xidmətinin açıqladığı hesabat ilə ("Cross-Price Elasticities of Demand") üst-üstə düşür. ABŞ Kənd Təsərrüfatı Departamentinin sonuncu hesabatında göstərilir ki, Azərbaycanda əhali istehlak xərclərinin 40,1%-ni ərzağa sərf edir. Dünya ölkələri ilə müqayisədə bu göstərici yüksək hesab olunur. Bu sahədə ən yaxşı vəziyyət ABŞ-a məxsusdur. Bu ölkədə istehlak xərclərinin cəmi 6,4%-i ərzağa xərclənir. Avropa ölkələrində bu göstərici 10%-dən yüksək deyil. Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstanda bu göstərici 31,6%-ə, Rusiyada 32%-ə, Türkiyədə isə 21,5%-ə bərabərdir.

Onu da qeyd edək ki, kafe və restoranlarda adambaşına ayda 21 manat 50 qəpik, alkoqollu içkilərə isə 1 manat 28 qəpik xərclədiyimizi də nəzərə alsaq ümumi xərclərimizin yarısını - 49,7%-ni qida məhsullarına və içkilərə yönəldirik.

Ümumi xərclərin cəmi 1,9%-ni təhsilə yönəldirik

İstehlak xərclərimiz arasında ərzaqdan sonra ən çox vəsait ev əşyalarının və məişət texnikasının alınmasına, həmçinin evə gündəlik qulluğa xərclənir. Bu məqsədlə adambaşına ayda 23 manat 17 qəpik xərcləyirik. Bu da ümumi xərclərin 9,4%-i təşkil edir. Bundan başqa ayda 18,2 manat (ümumi xərclərin 7,4%-i) su, işıq, qaz və digər yanacaq növlərinə xərcləyirik. Paltar və ayyaqqabıya ayda adambaşına orta hesabla 16 manat 90 qəpik sərf edirik ki, bu da ümumi xərclərin 6,9%-nə bərabərdir. Ümumi xərclərimizin 15 manat 30 qəpiyini və ya 6,2%-ni nəqliyyata, 12 manatını və ya 4,9%-ni səhiyyəyə, 10 manat 90 qəpiyini və ya 4,4%-ni istirahət və mədəniyyətə, 6 manat 20 qəpiyini və ya 2,5%-ni rabitəyə, 4 manat 80 qəpiyini və 1,9%-ni isə təhsilə yönəldirik. Eyni zamanda ümumi istehlak xərclərimizin təxminən 1%-ni və 2 manat 57 qəpiyini tütün məhsullarının alınmasına sərf edirik.

Əvvəlki illə müqayisədə istehlak xərclərinin ən çox artdığı sahə rabitə xərcləri ilə bağlıdır. Rabitə xərcləri əvvəlki illə müqayisədə 6,4% artıb. Rabitə xərclərindən sonra xərclərimiz ən çox istirahət və mədəniyyət sahəsində artıb. Bu sahəyə ayırdığımız vəsaitin həcmi 6,1% artıb. Bundan başqa mehmanxana, kafe, restoran və yeməkxanalarda xərclədiyimiz vəsait əvvəlki illə müqayisədə 6%, su, işıq, qaz və digər yanacaq növlərinə xərclədiyimiz vəsait isə 5,1% çox artıb.

DİGƏR XƏBƏRLƏR

Top