Uşaqlarımızı pis vərdişlərdən necə çəkindirməliyik?

Hər bir valideynin uşaqları ilə bağlı öz arzuları var. Ən böyük arzumuz isə uşağımızı hər işində dürüst olan, məsuliyyətini dərk edən, ətrafındakılara hörmətlə yanaşan bir insan kimi görməkdir. Əgər uşağımızın pis vərdişlərdən uzaq olmasını istəyiriksə, ona tərbiyə edərkən diqqətli olmalıyıq. Bir valideyn kimi bu məsələdə ən çox yol verdiyimiz səhv uşağımızın mənfi hərəkətlərini görə bildiyimiz qədər müsbət hərəkətlərini görə bilməməyimizdir. Çünki biz uşağımızda istəmədiyimiz bir hərəkəti görəndə dərhal onu “ifşa etməyə” çalışır, istədiyimiz bir hərəkəti görəndə isə, necə deyərlər, “yan keçməklə” kifayətlənirik. Halbuki yalan danışan uşağa “Yalan danışma!”, ya da məsuliyyətsizlik edən uşağa “Məsuliyyətsizlik etmə!” demək onu bu hərəkətlərdən çəkindirmək əvəzinə, əksinə, daha da təhrik etmək deməkdir. Hətta bu hərəkətlərin tədricən o uşaqda pis vərdişə (və ya vərdişlərə) çevrilmək ehtimalı da çox yüksəkdir. Digər tərəfdən, bu, uşaqda “Necə olsa, məni yalançı, məsuliyyətsiz və s. kimi qəbul edirlər” fikrinin formalaşmasına səbəb olur. Halbuki, uşağımızdakı pis hərəkətlərin qarşısını almaq üçün bu hərəkətlərin əksi olan yaxşı hərəkətlərdən istifadə etməliyik. Yəni, “Yalan danışma” demək əvəzinə “Düz danışanda səninlə fəxr edirəm” demək uşağa daha yaxşı təsir göstərər. Ya da “Məsuliyyətsizlik etmə!” demək əvəzinə “Məsuliyyətli olmağın məni sevindirir” demək uşaqda daha yaxşı “iz buraxır”. Bundan başqa, uşağınızın bütün hərəkətlərini müşahidə etsəniz və mənfi hərəkətlərini qiymətləndirdiyiniz kimi, müsbət hərəkətlərini də qiymətləndirsəniz (hətta bu ən kiçik bir müsbət hərəkər olsa belə), yaxşı olar. Məsələn, uşağınız otağını az da olsa, yığışdırmışsa, bunu nəzərinizdən qaçırmayın və minnətdarlığınızı bildirərək bu hərəkətin gələcəkdə də davam etməsinə imkan verin. Və ya uşağınız tapşırıqlarını az da olsa, yerinə yetirmişsə, bunu diqqətinizdən yayındırmayın və razılığınızı ifadə edərək bu hərəkətin gələcəkdə də özünü göstərməsinə şərait yaradın. Beləliklə, siz öz uşağınızı ancaq bu cür pis hərəkətlərdən uzaqlaşdıra və yaxşı hərəkətlərə yaxınlaşdıra bilərsiniz. Necə deyərlər, artıq son söz sizindir...

DİGƏR XƏBƏRLƏR

Top