Təhsil HAQLARININ ARTIRILMASI ilə bağlı universitetlərdən açıqlama - SƏBƏB

Azərbaycanın əksər dövlət və özəl universitetlərində təhsil haqları ilbəil artırılır. Elə fakültələr var ki, orada təhsil haqqı bir neçə il öncə 1000-1500 manat idisə, indi 4000-4500 manatdır.

Bəs universitetləri təhsil haqlarını bu qədər artırmağa nə vadar edir? Axı övladını ali məktəbdə oxutmaq istəyən ailələrin gəlirləri təhsil haqları ilə müqayisədə kəskin artmayıb?

Məsələn, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin illik ödəniş haqqı 2011-ci ildə 1000 AZN idisə, 2018-ci ildə bu rəqəm 4500 manat olub. Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində təhsil haqqı 2013-cü ildə 1200 manat idisə, 2018-ci ildə 4500 manat olub. Azərbaycan Diplomatiya Akademiyasında illik təhsil haqqı 6500 manatdır. Son 5 ildə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini davam etdirə bilməyənlərin sayı minlərlədir.

Əhalinin yaşayış səviyyəsinə görə, Azərbaycanı dəfələrlə üstələyən bir çox Avropa ölkələrinin dövlət universitetlərində təhsil ya ümumiyyətlə pulsuzdur, ya da təhsil haqqı çox cüzidir. Fransa, Çexiya, Norveç, Finlandiya, İsveçrə kimi ölkələrdə isə dövlət universitetləri tam pulsuzdur. Almaniyanın dövlət universitetlərində də təhsil haqqı yüksək deyil.

Məsələ ilə bağlı suallara Yeniavaz.com saytı universitetlərin özlərindən münasibət öyrənməklə aydınlıq gətirməyə çalışıb.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova saytımıza açıqlamasında artımın səbəbini belə əsaslandırıb: "ATU-da təhsil və tədris prosesinin səviyyəsinin yüksəldilməsi üçün daim işlər aparılır. Digər ali məktəblərdən fərqli olaraq, ATU-da təhsil prosesində çoxlu ləvazimatlardan, bahalı tibbi avadanlıqlardan, laboratoriyalar üçün reaktivlərdən, müxtəlif cihazlardan istifadə olunur. Bu vəsaitlərin daim yenilənməsi, modern və müasir avadanlıqların alınması külli miqdarda vəsait tələb edir. Digər tərəfdən, bu il ATU-da dövlət tərəfindən qəbul 26 faiz azaldılıb. Bu faktorları nəzərə alaraq, ATU-nun Tibb Universitetinin Böyük Elmi Şurasının qərarına əsasən, təhsil haqqının artırılmasına qərar verilib".

Bakı Slavyan Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Quliyev məsələyə belə münasibət bildirib: "Son illər Bakı Slavyan Universitetinin fakültələrinin çoxunda təhsil haqqı artırılmayıb. Bəzi fakültələrdə çox cüzi artım olub. Ona görə bizim universitetə qəbul olan abituriyentlər, tələbələr problem yaşamırlar. Bir neçə ildir Bakı Slavyan Universiteti təhsil haqqı məsələsində stabilliyi qoruyub saxlaya bilib".

İ. Quliyevin dediyinə görə, ali məktəblər öz gəlirlərini, xərclərini müəyyənləşdirirlər: "Universitetin saxlanılması, müəllimlərin əməkhaqqı məsələsi, maddi-texniki bazanın inkişaf etdirilməsi və digər bütün xərclər hesablanır. Təbii ki, buna nəzarət olunur - Azərbaycan Respublikasının Auditorlar Palatası yoxlayır, Təhsil Nazirliyi bütün bunlar barədə məlumatlıdır".

Bakı Dövlət Universiteti (BDU) rektorunun maliyyə müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Məzahir Sultanov deyib ki, bu ali təhsil ocağı 2010-cu ildən etibarən özünü maliyyələşdirmə prinsipinə keçib: "BDU Azərbaycanın ən böyük universitetidir. Bizdə tələbə sayı çoxdur. Məlumdur ki, tələbə sayı çoxdursa, universitetin fəaliyyəti də genişdir, professor-müəllim sayı da çoxdur. BDU-da ödənişli təhsil alan tələbələrin sayı dövlət sifarişi ilə təhsil alanlarla eynidir. Bəli, BDU-da təhsil haqlarında artım olub, amma cüzi miqdarda. 95 faiz ixtisaslar üzrə 100-150 manat civarında artım olub. Bir-iki fakültəni istisna etməklə, tələb və təklif arasında olan qiymətlərdir. Beynəlxalq münasibətlər, Dünya iqtisadiyyatı, Hüquq fakültələrində isə təhsil haqlarında artım 200-300 manat arasında olub. Ancaq digər ixtisaslar üzrə artım 3-5 faiz olub.

Bakı Dövlət Universitetinin 5000-dən çox qəbul planı var idi. Qəbul planımız demək olar, 100 faiz doldu. 2500 tələbə dövlət sifarişi ilə təhsil alırsa, yerdə qalır 2500 tələbə. Həmin tələbələrin də 544 nəfəri ödənişli fakültələrdə güzəştli təhsil alacaq. Söhbət məcburi köçkün, valideyn himayəsindən məhrum, Qarabağ əlillərinin övladı olan tələbələrdən gedir.

Gəlin kiçik bir araşdırma aparaq, Hüquq fakültəsində təhsil haqqı 4500 manatdırsa və məcburi köçkün təhsil haqqından azad olunubsa, hökumət tərəfindən bizə kompensasiya olaraq 1620 manat pul verilir. Hüquq fakültəsində hər bir belə tələbədə biz 2900 manat uduzuruq.

Cənab Prezidentin fərmanı ilə məcburi köçkünlər, valideyn himayəsindən məhrum olanlar, I və II qrup Qarabağ müharibəsi veteranlarının övladları, şəhid ailələrindən olanlar hamısı təhsil haqqından azaddırlar.

Digər ixtisaslarda da uduzuruq, amma bu çox gözə çarpmır. Heç olmasa, bunları kompensasiya etməkdən ötrü çox kəskin artıma getmədik. Cənab rektorumuz humanist insandır, Elmi Şurada qərar verdik və kəskin artıma getmədik. İnsanların rifah halını da fikirləşirik, maddi vəziyyətini də fikirləşirik. BDU böyük universitetdir, bu universiteti saxlamaq da var.

Deyə bilərsiniz ki, təhsil haqlarının məbləği necə müəyyənləşdirilir? Cavab verirəm - hər bir tələbəyə çəkilən xərcdən. BDU-nun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsində təhsil haqqı 1800 manatdır, amma reallıqda 3300-3400 manat olmalıdır. Texniki fənlərdə bundan da çoxdur, universitet tərəfindən hər tələbəyə 4000-5000 manat xərc çəkilir. Biz digər ali təhsil müəssisələri kimi 4000, 5000, 6000 manat - göydən düşmə rəqəmlər qoymuruq. Təhsil haqqını qiymətləndiririk, Nazirlər Kabinetinə veririk, qəbul planı təsdiq olunduğu təqdirdə, bu qiymətlər təsdiqlənir. Neçə ildir tədris bizdə belə nizamlanır.

Bir məqama da toxunmaq istərdim - Azərbaycan Respublikasında 2010-cu ildən etibarən ali təhsil müəssisələri özünü maliyyələşdirmə prinsipinə keçib. Özünü maliyyələşdirmə prinsipi belədir ki, dövlət sifarişi əsasında tələbə ödənişsiz fakültəyə daxil olubsa, hər bir tələbəyə çəkilən xərci bizə dövlət verir. Tutaq ki, BDU-ya 2500 tələbə dövlət sifarişi əsasında giribsə, 2500-ün hər bir ixtisas üzrə qiyməti var. Onu hesablayır, dövlət tərəfindən bu pulu bizə verirlər. Amma sırf büdcədən maliyyələşmə yoxdur, özümüz özümüzü maliyyələşdiririk, əməkhaqqını da özümüz veririk. Dövlət büdcəsinin yükünü azaltmışıq, ali təhsil müəssisələri büdcəni yükə salmırlar, özümüz qazanırıq".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top