Aqşin Fateh: "Burnumu gözəllik üçün yox, sağlamlığa görə əməliyyat etdirmişəm" - MÜSAHİBƏ

Tanınmış meyxanaçı Aqşin Fatehin plastik əməliyyat etdirməsi ilə bağlı saytlarda məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri isə onu buna görə tənqid ediblər. Meyxanaçının video yayaraq onu tənqid edənlərə cavab verməsi də söz-söhbəti sakitləşdirməyib.

Yeniavaz.com olaraq Aqşin Fatehin əməliyyat olunmasının səbəbini elə özündən dəqiqləşdirmək, efirlərdən uzaq düşməsinin səbəbini öyrənmək məqsədi ilə onunla əlaqə saxladıq.

- Aqşin bəy, burnunuzu hansı səbəbdən əməliyyat etdirmisiniz?

- 39 yaşım var. Neçə illər idi burun çəpəri əyriliyindən əziyyət çəkirdim. Həkim dedi ki, vaxt keçdikcə nəfəs almaqda daha ciddi problemlərin olacaq. Tənginəfəs olurdum, rahat yata bilmirdim, xoruldayırdım, halsızlaşırdım. Həkimlər dedilər ki, çox gecikdirmisən. Ona görə əməliyyat etdirdim.

- İndi özünüzü necə hiss edirsiniz?

- Əməliyyat 2 gün bundan əvvəl olub. İndi özümü yaxşı hiss edirəm.

- Saytlarda sizin plastik əməliyyat etdirdiyiniz yazılıb...

- Bir-iki sayt artıq-əskik məlumatlar yayıb. Mən də deyirəm ki, bunu gözəllik üçün etsəm, 5 il, 10 il bundan qabaq edərdim. Səhnədə ən gur vaxtlarımızda olarkən edərdim bunu istəsəydim. Mən model deyiləm, podiuma çıxmıram ki, özümə fason verim.

40 yaşdan sonra durub gözəllik axtarasıyam? Bir az hirslənmişdim, danışmışdım, onu da saytlar başladılar yazmağa.

- Ancaq burun çəpərindən əməliyyat olundunuz?

- Burunun çəpər əyriliyi belədir ki, bunu düzəldirlərsə, avtomatik burunu səliqəyə salırlar də. Mən də dedim olsun, onsuz da burnumu əməliyyat etdirirəm...

- Aqşin Fateh uzun müddətdir efirlərdə yoxdur. Səbəb nədir, kanallar dəvət etmirlərmi?

- Mən özüm getməmişəm, qardaş. Amma indi-indi, Allah qoysa özümə gəlim, yavaş-yavaş başlayacağıq.

- Niyə çıxmaq istəmirdiniz efirə?

- Özüm baş qoşmurdum. Uzaqlaşmaq istəyirdim bir müddət.

- Dəvət olunduğunuz verilişlər ürəyinizcə deyildi?

- Efirdə elə bir şey yox idi axı çıxasan, abır-həya ilə iştirak edəsən. Camaat şou axtarır, gündəm axtarır, mən də onu eləyən adam deyiləm. Mən çıxıb camaata meymunluq eləmirəmsə, o heç kimə maraqlı deyil axı. Bu birilər kimi çıxım efirdə nə isə şitlik eləyim - mənlik deyil.

- Bəs toylara gedirsinizmi?

- Toylara gedirəm, amma içki məclislərinə yox də...

- Toylardan başqa gəlir yeriniz varmı?

- Qardaşım, Allah dolandırır da. Hamı toyla dolanmır ki, biz də toy olmayanda ac qalaq. Təbii ki, əsas gəlirimiz toydan olur.

- Sənətinizlə bağlı nə yenilik var? Yeni meyxanalar yazırsınızmı?

- Srağagün Aydın Sani ilə birgə "Son zəng"ə aid mahnı səsləndirib internetdə yaymışıq.

Nicat

aqsin

DİGƏR XƏBƏRLƏR

Top