Ölkə iqtisadiyyatı 1,2 faiz böyüyüb

Bu ilin yanvar-aprel aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 22 milyard 969 milyon manata çatıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 2,1 faiz artıb, neft sektorunda isə 0,1 faiz azalıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 9,5 faiz, informasiya və rabitə sahələrində 7,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, sənayedə 1,1 faiz, digər xidmət sahələrində 0,8 faiz artıb, tikintidə isə 10,4 faiz azalıb.

ÜDM istehsalının 48,4 faizi sənayedə, 9,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,9 faizi tikintidə, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 14 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 min 346 manata bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top