Kərə yağı kəskin bahalanıb: marketlərdə qiymət artımı nə zaman olacaq?

Bu ilin ilk 4 ayı ərzində ölkəyə 25 milyon 771,6 min dollar dəyərində 4 min 320,9 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında idxal etdiyimiz kərə yağının miqdarı 18,1% və ya 955 ton azalsa da, dəyəri 27,1% və ya 5,5 milyon dollar artıb.

Nəticədə, bu ilin yanvar-aprel aylarında ixrac olunan kərə yağının gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. Kərə yağının 1 kiloqramının gömrük dəyəri ötən ilin yanvar-aprel aylarında 3,8 dollar (6,5 manat) olduğu halda, bu ilin ilk 4 ayında 5,9 dollara (10 manat) yüksəlib.

2017-ci ilin yekunları ilə də müqayisədə kərə yağının gömrük dəyərində ciddi artım qeydə alınıb. Belə ki, ötən il ölkəyə idxal olunan kərə yağının 1 kiloqramının gömrük dəyəri 4,8 dollar (8,2 manat) olub.

Məlumat üçün bildirək ki, son 4 ay ərzində dünya bazarlarında da kərə yağının qiymətində kəskin artımlar müşahidə olunur. Ötən ilin dekabr ayında dünya bazarında kərə yağının 1 tonunun orta qiyməti 4470 dollar olubsa, may ayının 15-də bu rəqəm 5790 dollara qədər yüksəlib.

Hazırda marketlərdə satılan kərə yağının daha əvvəl, yəni nisbətən ucuz olduğu zaman idxal olunduğunu nəzərə alsaq, bir müddətdən sonra pərakəndə satış məntəqələrində də kərə yağının bahalaşacağına şahid olmaq olar.

DİGƏR XƏBƏRLƏR

Top